149
Məzmur 149 
 
1 Rəbbə həmd edin!  
   
 
Rəbbə yeni bir ilahi oxuyun,  
Möminlər camaatı arasında Ona həmd edin!   
2 İsrail nəsli Yaradanına görə sevinsin,  
Sion övladları Padşahına görə şad olsun!   
3 Rəqslərlə isminə həmd edin,  
Dəflə, lira ilə Onu tərənnüm edin!   
4 Çünki Rəbb Öz xalqından zövq alar,  
Zəfəri ilə itaətkarların üstünə yaraşıq salar.   
5 Bu şərəfə görə qoy möminlər sevinsinlər,  
Yataqlarında belə, Onu tərənnüm etsinlər.   
6 Dilləri ilə Allahı ucaltsınlar,  
Əllərində ikiağızlı qılınc tutsunlar.   
7 Millətləri qıraraq qisas alsınlar,  
Ümmətləri cəzalandırsınlar.   
8 Padşahlarına zəncir vursunlar,  
Sərkərdələrini dəmir buxovlara salsınlar.   
9 Onlar üçün yazılan hökmü yerinə yetirsinlər,  
Rəbbin bütün möminləri bununla şərəflənsinlər.  
   
 
Rəbbə həmd edin!