7
Çəyirtkə sürüsü barədə görüntü 
 
1 Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, padşahın payı biçiləndən sonra əmələ gələn ot bitməyə başlayanda O, çəyirtkə sürüsü düzəldirdi.  
2 Çəyirtkələr ölkədə bütün bitkiləri yeyib-qurtarmaq üzrə olanda mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, bağışla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.  
3 Buna görə Rəbb bu niyyətdən döndü. Rəbb dedi: “Bu olmayacaq”.   
Alov barədə görüntü 
 
4 Sonra Xudavənd Rəbb mənə bu görüntünü göstərdi: budur, Xudavənd Rəbb cəza vermək üçün alov çağırdı. Alov dənizləri dibindən udaraq torpağı da yandırıb-yaxmaq üzrə olanda  
5 mən dedim: “Ya Xudavənd Rəbb, yalvarıram, əl saxla. Buna Yaqub nəsli necə dözər? Axı o kiçikdir”.  
6 Buna görə Rəbb bu niyyətdən də döndü. Xudavənd Rəbb dedi: “Bu olmayacaq”.   
Şaqul barədə görüntü 
 
7 Sonra mənə bu görüntünü göstərdi: budur, Xudavənd şaqulla düz tikilmiş bir divarın yanında dayanıb. Onun əlində bir şaqul var idi.  
8 Rəbb məndən soruşdu: “Amos, sən nə görürsən?” Mən cavab verdim: “Bir şaqul”. Xudavənd dedi: “Budur, Mən xalqım İsraili yoxlamaq üçün aralarına bir şaqul qoyuram. Artıq onlardan əl çəkməyəcəyəm.   
9 İshaqın nəslinin səcdəgahları xaraba qalacaq,  
İsrailin Müqəddəs məkanları viran olacaq.  
Yarovamın nəslinə qarşı qılıncla çıxacağam”».   
Amos və Bet-El kahini Amasya 
 
10 Bet-El kahini Amasya İsrail padşahı Yarovama belə xəbər göndərdi: «Amos İsrail nəsli arasında sənə qarşı qəsd hazırlayır. Onun sözlərinin öhdəsindən bu ölkə gələ bilməz.  
11 Çünki Amos belə deyir:  
“Yarovam qılıncdan keçirilib öləcək.  
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”».   
12 Sonra Amasya Amosa dedi: «Ey görücü, buradan get, Yəhuda torpağına qaç. Peyğəmbərliyini orada et, onların çörəyini ye.  
13 Bir də Bet-Eldə peyğəmbərlik etmə, çünki bura padşahın müqəddəs məkanı və padşahlıq məbədidir».   
14 Amos Amasyaya cavab verib dedi: «Mən nə peyğəmbərəm, nə də peyğəmbərin şagirdi. Mən yalnız bir çobanam, firon ənciri ağaclarını yetişdirirəm.  
15 Mən sürü otaran idim, Rəbb məni götürüb belə dedi: “Get, xalqım İsrailə peyğəmbərlik et”.  
16 İndi isə Rəbbin sözünü dinlə. Sən “İsrailə qarşı peyğəmbərlik etmə və İshaq nəslinin əleyhinə vəz etmə” deyirsən.  
17 Buna görə də Rəbb belə deyir:  
“Sənin arvadın şəhərdə fahişəlik edəcək,  
Oğulların və qızların qılıncdan keçiriləcək,  
Torpağın ölçülüb paylanacaq.  
Sən isə yad eldə – murdar bir ölkədə öləcəksən.  
İsrail xalqı öz torpağından hökmən sürgünə aparılacaq”.