6
İsrailin nahaq yerə gücə arxalanması 
 
1 Vay halınıza, ey Sionda laqeyd olanlar,  
Samariya dağında arxayın oturanlar,  
İsrail nəslinin müraciət etdiyi  
Millətlər arasında adlı-sanlılar!   
2 Kalneyə keçib görün,  
Oradan böyük Xamata gedin,  
Filiştlilərin Qat şəhərinə gəlin.  
Onların halı bu ölkələrdən daha yaxşıdırmı?  
Onların ərazisi sizinkindən böyükdürmü?   
3 Vay halınıza, ey bəla gününü uzaq sanıb  
Zorakılığı taxtına yaxınlaşdıranlar!   
   
 
4 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb,  
Yataqlarda uzanıb,  
Sürüdəki quzulardan,  
Axurun yanındakı danalardan götürüb yeyənlər!   
5 Çəng çalıb bədahətən oxuyanlar,  
Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər,   
6 Piyalə-piyalə şərab içənlər,  
Bədənlərinə əla yağlar sürtənlər,  
Lakin Yusif nəslinin qırğınına görə  
Narahat olmayanlar!   
7 Bundan ötrü indi sürgünə  
Başda siz gedəcəksiniz.  
Keflənib yayxananların ziyafəti başa çatacaq.   
   
 
8 Xudavənd Rəbb Öz haqqına and içir,  
Ordular Allahı Rəbb bəyan edir:  
“Yaqub nəslinin qüruruna nifrət edirəm,  
Qalalarından zəhləm gedir.  
İçində olanlarla birlikdə  
Paytaxtlarını təslim edəcəyəm”.   
9 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək.  
10 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”.  
11 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq.   
12 Qaya üzərində atlar çaparmı?  
Orada kim öküzlərlə kotan sürər?  
Siz isə ədaləti zəhərə döndərmisiniz,  
Bəraəti də acıya çevirmisiniz.   
13 Ey Lo-Devarı  tutub “Qarnayimi  öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar!  
14 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.