2
Tövbəyə çağırış 
 
1 Ey utanmaz millət, toplaşın!   
2 Fərman çıxmadan,  
O gün saman çöpü tək uçmadan,  
Rəbbin qızğın qəzəbi başınıza gəlmədən,  
Rəbbin qəzəb günü sizə yetişmədən öncə toplaşın!   
3 Ey Rəbbin hökmünə əməl edən sizlər,  
Ölkədəki itaətkar insanlar, Rəbbə meyl salın!  
Salehliyə meyl salın!  
İtaətkarlığa meyl salın!  
Bəlkə siz Rəbbin qəzəb günündə qurtula bildiniz.   
Rəbbin millətlərə cəzası 
 
4  Qəzzə bomboş qalacaq,  
Aşqelon xarabalığa dönəcək,  
Aşdod əhalisi günorta çağı qovulacaq,  
Eqron özülündən söküləcək!   
5 Dəniz sahilində yaşayanların –  
Keretlilərin  vay halına!  
Ey Filiştlilərin torpağı Kənan,  
Rəbbin hökmü sizə qarşıdır,  
Rəbb hamınızı yox edəcək.  
Ölkədə heç bir sakin sağ qalmayacaq!   
   
 
6 Dəniz sahilindəki ölkəniz otlaqlara,  
Çoban daxmalarına və qoyun-keçi ağıllarına dönəcək!   
7 Bu ölkə Yəhuda nəslindən qalanların əlinə keçəcək,  
Sürülərini orada otaracaqlar,  
Axşam Aşqelondakı evlərində yatacaqlar,  
Çünki özlərinin Allahı Rəbb onları yada salaraq  
Yenə firavan edəcək.   
   
 
8    
«Moavlıların rişxəndlərini,  
Ammonluların təhqirlərini eşitdim.  
Xalqıma rişxənd edib lovğalanaraq dedilər ki,  
Xalqımın sərhədlərini keçəcəklər.   
9  Buna görə də İsrailin Allahı, Ordular Rəbbi bəyan edir.  
Varlığıma and olsun ki,  
Moav mütləq Sodom kimi,  
Ammon Homorra kimi olacaq:  
Oraları alaqlar və duzlu çalalar basacaq,  
Əbədi viranəliyə dönəcək.  
Xalqımın qalanları oranı talan edəcək,  
Torpaqlarına millətimdən sağ qalanlar  
Sahib olacaq».   
   
 
10 Bu onların məğrurluğunun əvəzi olacaq,  
Çünki bu xalqlar  
Ordular Rəbbinin xalqına rişxənd edib lovğalandı.   
11 Rəbb onları dəhşətə salacaq,  
Yer üzünün bütün allahlarını yox edəcək.  
Uzaqlarda yaşayan bütün millətlər  
Olduqları yerlərdə Ona səcdə edəcək.   
   
 
12 «Ey Kuşlular, siz də  
Mənim qılıncımla öldürüləcəksiniz» Rəbb deyir.   
13  Rəbb əlini şimala doğru uzadıb  
Aşşuru yox edəcək,  
Ninevanı viranəliyə,  
Səhra kimi quruya çevirəcək,   
14 Ora sürülərin, hər cür heyvanın  
Yatdığı yer olacaq.  
Orada sütun başlarında,  
Bayquşlar, yapalaqlar yuva quracaq,  
Onlar pəncərələrdən ulayacaq,  
Qarğalar kandarlardan qarıldayacaq  
Evlərdə sidr tirləri görünəcək.   
15  Bu şəhər zövq-səfalı şəhər idi,  
Əmin-amanlıq içində yaşayırdı.  
Hey belə deyərdi:  
«Mən mənəm, məndən başqası yoxdur!»  
Necə də bu şəhər xarabalığa döndü,  
Vəhşi heyvanların yuvası oldu!  
Yanından keçən hər kəs vahimədən  
Kənara çəkilir.