2
Məsih uğrunda əziyyətə dözmək
1 Sənsə, ey oğlum, Məsih İsada olan lütflə güclən.
2 Bir çox şahidlərin önündə məndən eşitdiyin sözləri başqalarına da öyrətməyə qadir olan sadiq adamlara həvalə et.
3 Məsih İsanın yaxşı əsgəri kimi mənimlə birgə əzaba qatlaş.
4 Əsgərlik edən insan gündəlik həyatla bağlı işlərə sürüklənməz, ona əmr edən zabiti razı salmağa çalışar.
5 Həmçinin yarışlara qoşulan insan da qaydaya görə yarışmazsa, başına zəfər çələngi qoyulmaz.
6 Zəhmətkeş əkinçinin payına məhsulunun ilk bəhrəsi düşməlidir.
7 Dediklərimə fikir ver. Rəbb söylədiyim hər şeydə sənə anlayış verəcək.
8 Yaydığım Müjdədə açıqlandığı kimi, Davudun nəslindən olub ölülər arasından dirilən İsa Məsihi yadında saxla.
9 Bu Müjdə naminə zəncirə vurulmuş bir cinayətkar kimi əzaba qatlaşıram. Amma Allahın kəlamı zəncirlənməmişdir.
10 Bu səbəbdən seçilmişlərə görə, onlar da Məsih İsada olan xilasa əbədi izzətlə bərabər nail olsunlar deyə hər şeyə dözürəm.
11 Bu söz etibarlıdır ki,
«Əgər Onunla öldüksə,
Onunla da yaşayacağıq;
12 Əgər dözəriksə,
Onunla da birlikdə padşahlıq edəcəyik.
Əgər Onu inkar etsək,
O da bizi inkar edəcək.
13 Biz sadiq qalmasaq da,
O sadiq qalacaq.
Çünki Öz təbiətinə zidd davrana bilməz».
Sınaqdan keçmiş işçi
14 Bunları imanlıların yadına sal. Sözlərin mənası barədə dava etməməyi Allahın önündə onların öhdəsinə qoy; çünki bu fayda verməz, dinləyənlərə isə ziyan vurar.
15 Özünü Allaha sınaqdan keçmiş, həqiqət kəlamını doğruluqla işlədən alnıaçıq bir işçi kimi təqdim etməyə çalış.
16 Allahsız boşboğazlıqdan uzaq dur. Çünki belə boşboğazlıqlar insanı daha da allahsızlığa aparır.
17 Onların sözü irinli yara kimi yayılacaq. Himeney və Filit onların sırasındadır.
18 Onlar dirilmənin artıq baş verdiyini deyərək həqiqətdən azıb bəzilərinin imanını alt-üst edirlər.
19 Lakin Allahın atdığı möhkəm təməl bu sözlərlə möhürlənib durur: «Rəbb Özününküləri tanıyır» və «Rəbbin adını ağzına alan hər kəs haqsızlıqdan uzaqlaşsın».
20 Böyük bir evdə yalnız qızıl və gümüş qablar deyil, həmçinin taxta və gil qablar da var. Onlardan bəzisi şərəfli, bəzisi də şərəfsiz iş üçün istifadə olunur.
21 Beləliklə, kim özünü şərəfsiz işlərdən təmizləsə, şərəfli işlərə uyğun, təqdis olunmuş, Sahibinə faydalı, hər yaxşı iş üçün hazırlanmış qab olacaq.
22 Gənclik ehtiraslarından qaç. Təmiz ürəklə Rəbbi çağıranlarla birlikdə salehliyin, imanın, məhəbbətin və sülhün ardınca get.
23 Axmaq və cahil mübahisələrdən uzaq ol. Çünki bunların dava-dalaşa səbəb olmasını bilirsən.
24 Rəbbin qulu davakar olmamalıdır. Əksinə, hamı ilə mülayim rəftar etməli, öyrətməyə qabil, səbirli olmalıdır.
25 Ona qarşı olanları həlimliklə tərbiyə etməlidir. Bəlkə Allah onlara tövbəyə imkan verəcək. Beləliklə, onlar həqiqəti anlayar,
26 ayıq ola bilərlər və istəyini yerinə yetirmək üçün onları əsir edən iblisin torundan çıxarlar.