8
Yeddinci möhür və qızıl buxurdan
1 Quzu yeddinci möhürü açanda göydə təxminən yarım saat sükut yarandı.
2 Onda mən Allahın önündə dayanan yeddi mələyi gördüm. Onlara yeddi şeypur verildi.
3 Başqa bir mələk də gəlib qurbangahın önündə durdu. Onun əlində qızıl buxurdan var idi və ona çoxlu buxur verildi ki, bunu bütün müqəddəslərin duaları ilə birgə taxtın önündə olan qızıl qurbangahın üstündə təqdim etsin.
4 Buxurun tüstüsü müqəddəslərin duaları ilə birgə mələyin əlindən Allahın önünə yüksəldi.
5 Onda mələk buxurdanı götürüb qurbangahdakı odla doldurdu və onu yer üzünə atdı. Göy gurultusu, uğultu, şimşək və zəlzələ baş verdi.
Altı şeypurun çalınması
6 Yeddi şeypuru olan yeddi mələk onları çalmağa hazırlaşdı.
7 Birinci mələk şeypurunu çaldı. Onda qanla qarışıq dolu və od əmələ gəlib yer üzünə yağdırıldı. Yer üzünün üçdə biri, ağacların üçdə biri və bütün yaşıl otlar yandırıldı.
8 İkinci mələk şeypurunu çaldı. Onda sanki böyük bir dağ odla yanaraq dənizin içinə atıldı. Dənizin üçdə biri qana döndü.
9 Dənizdə olan canlı məxluqların üçdə biri öldü. Gəmilərin də üçdə biri məhv oldu.
10 Üçüncü mələk şeypurunu çaldı. Onda göydən məşəl kimi yanan böyük bir ulduz enib çayların üçdə birinin və su qaynaqlarının üstünə düşdü.
11 O ulduzun adına «Yovşan» deyilir. Suların üçdə biri yovşana döndü. Çoxlu adam sulardan öldü, çünki sular acı olmuşdu.
12 Dördüncü mələk şeypurunu çaldı. Onda günəşin, ayın və ulduzların üçdə biri vuruldu; buna görə də onların üçdə biri qaraldı. Gündüzün üçdə biri, gecənin də elə o qədəri işıqsız qaldı.
13 Onda göyün ortasında uçan bir qartal gördüm və onun uca səslə belə dediyini eşitdim: «Şeypurlarını çalacaq o biri üç mələyin şeypur səslərindən yer üzündə yaşayanların vay, vay, vay halına!»