15
Bəla gətirən yeddi mələk 
 
1 Mən göydə başqa bir böyük və heyrətli əlamət – yeddi bəlanı gətirən yeddi mələk gördüm. Bunlar son bəlalardır, çünki Allahın hiddəti bunlarla tamamlanırdı.   
2 Sanki odla qarışıq şüşədən olan bir dəniz gördüm. Vəhşi heyvana, onun surətinə və adına aid saya qalib gələnlər əllərində Allahın verdiyi çənglərlə şüşə dənizin üstündə durub.  
3 Onlar Allahın qulu Musanın nəğməsini və Quzunun nəğməsini oxuyaraq deyir:  
«Ey Külli-İxtiyar Rəbb Allah,  
Sənin işlərin böyük və heyrətlidir.  
Ey millətlərin Padşahı,  
Sənin yolların ədalətli və həqiqidir.   
4 Ya Rəbb, kim Səndən qorxmaz,  
Kim Sənin adını izzətləndirməz?  
Çünki yalnız Sən müqəddəssən.  
Bütün millətlər gəlib  
Sənin önündə səcdə edəcək,  
Çünki Sənin ədalətli hökmlərin aşkar oldu».   
5 Bundan sonra gördüm ki, göydəki məbəd, yəni Şəhadət çadırı açıldı  
6 və yeddi bəlanı gətirən yeddi mələk məbəddən çıxdı. Onlar təmiz və parlaq kətan paltar geyinmiş, sinələrinə qızıl qurşaqlar bağlamışdı.  
7 Onda dörd canlı məxluqdan biri yeddi mələyə əbədi var olan Allahın hiddəti ilə dolu yeddi qızıl nimçə verdi.  
8 Məbəd Allahın izzət və qüdrətinə görə tüstü ilə doldu. Beləcə yeddi mələyin gətirdiyi yeddi bəla tamam olana qədər heç kəs məbədə girə bilmədi.