29
Yəhuda padşahı Xizqiya
(2Pad. 18:1-3)
1 Xizqiya padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə iyirmi doqquz il padşahlıq etdi. Anası Zəkəriyyə qızı Aviya idi.
2 Xizqiya babası Davudun etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi.
Məbədin təmizlənməsi
3 Xizqiya padşahlığının birinci ilində, birinci ayda Rəbbin məbədinin qapılarını açdı və onları təmir etdi.
4 Kahinləri və Levililəri içəri çağırdı, onları şərq meydanına topladı.
5 Xizqiya onlara dedi: «Ey Levililər, məni dinləyin! İndi özünüzü və atalarınızın Allahı Rəbbin məbədini təqdis edin və müqəddəs yerdən murdar şeyləri çıxarın.
6 Atalarımız Rəbbin gözündə xainlik və pis olan işlər edib Onu tərk etdilər. Rəbbin məskənindən üz döndərib Ona arxa çevirdilər.
7 Eyvanın qapılarını bağladılar, çıraqları söndürdülər, İsrail Allahının müqəddəs yerində buxur yandırmadılar və yandırma qurbanları gətirmədilər.
8 Yəhuda və Yerusəlim üzərinə Rəbbin qəzəbi gəldi və gözlərinizlə gördüyünüz kimi onları dəhşət, heyrət və təhqir hədəfinə çevirdi.
9 Ona görə də atalarımız qılıncla öldürülmüş, oğullarımız, qızlarımız və arvadlarımız əsirlikdədir.
10 İndi isə İsrailin Allahı Rəbb ilə əhd bağlamağı ürəyimə qoydum ki, Öz qızğın qəzəbini bizdən döndərsin.
11 Oğullarım, laqeyd olmayın, çünki Rəbb sizi seçib ki, Onun önündə xidmət edəsiniz və Onun buxur yandıran xidmətçiləri olasınız».
12 Levililərdən bu adamlar qalxdı: Qohat nəslindən Amasay oğlu Maxat və Azarya oğlu Yoel; Merari nəslindən Avdi oğlu Qiş və Yehallelel oğlu Azarya; Gerşon nəslindən Zimma oğlu Yoah və Yoah oğlu Eden;
13 Elisafan nəslindən Şimri və Yeiel; Asəf nəslindən Zəkəriyyə və Mattanya;
14 Heman nəslindən Yexiel, Şimeyi və Yedutun nəslindən Şemaya və Uzziel.
15 Onlar qohumlarını topladı və özlərini təqdis etdi. Padşahın əmr etdiyi kimi Rəbbin sözünə görə Rəbbin məbədini təmizləmək üçün getdilər.
16 Kahinlər isə Rəbbin məbədinin içərisinə girib oranı təmizlədilər və böyük otaqda tapdıqları bütün murdar şeyləri məbədin həyətinə çıxartdılar. Levililər isə onları götürüb bayıra, Qidron vadisinə apardı.
17 Birinci ayın birinci günündə təqdisetmə işinə başladılar və həmin ayın səkkizinci günündə Rəbbin eyvanına qədər çatdılar. Səkkiz gün Rəbbin məbədini təqdis etdilər və birinci ayın on altıncı günündə bitirdilər.
18 Onlar padşah Xizqiyanın yanına girib dedilər: «Biz Rəbbin bütün məbədini, yandırma qurbanlarının gətirildiyi qurbangahını və onun bütün avadanlığını, təqdis çörəkləri qoyulan masanı və onun bütün ləvazimatını təmizlədik.
19 Padşah Axaz padşah olanda xainlik edib tulladığı bütün əşyaları da hazırladıq və təqdis etdik. İndi onlar Rəbbin qurbangahı önündədir».
20 Padşah Xizqiya səhər tezdən durdu və şəhərin rəislərini toplayıb Rəbbin məbədinə qalxdı.
21 Padşahlıq, Müqəddəs məkan, Yəhudalılar üçün günah qurbanı olaraq yeddi buğa, yeddi qoç, yeddi quzu və yeddi təkə gətirdilər. O, Harun nəslindən olan kahinlərə əmr etdi ki, onları Rəbbin qurbangahında qurban gətirsinlər.
22 Mal-qaranı kəsdilər və kahinlər qanı götürüb qurbangaha səpdilər, qoçları kəsdilər və qanı qurbangaha səpdilər, quzuları kəsdilər və qanı qurbangaha səpdilər.
23 Təkələri isə günah qurbanı olmaq üçün padşahın və camaatın önünə gətirdilər və əllərini onların üstünə qoydular.
24 Kahinlər onları kəsdi və qurbangahda günah qurbanı olaraq onların qanını bütün İsraillilərin günahlarını bağışlamaq üçün axıtdı. Çünki padşah əmr etmişdi ki, yandırma qurbanı və günah qurbanı bütün İsrail üçün gətirilsin.
25 Davudun, padşahın görücüsü Qadın və peyğəmbər Natanın əmrinə görə Xizqiya Levililəri sinclərlə, çənglərlə və liralarla Rəbbin məbədinə qoydu. Bu əmr peyğəmbərlər vasitəsilə Rəbdən gəlmişdi.
26 Levililər Davudun musiqi alətləri ilə, kahinlər kərənaylarla dayandı.
27 Xizqiya əmr etdi ki, yandırma qurbanı qurbangahda təqdim edilsin. Yandırma qurbanının təqdimi başlananda kərənayların və İsrail padşahı Davudun musiqi alətlərinin sədası altında Rəbbin ilahisi də başlandı.
28 Bütün camaat səcdə etdi, ilahiçilər ilahi oxudu, kərənay çalanlar çaldı. Bunların hamısı yandırma qurbanının təqdimi qurtarana qədər davam etdi.
29 Yandırma qurbanının təqdimi qurtaranda padşah və yanında olanların hamısı əyilib səcdə etdi.
30 Padşah Xizqiya və rəislər Levililərə əmr etdilər ki, Davudun və görücü Asəfin sözləri ilə Rəbbə həmd oxusunlar. Onlar sevinclə həmd oxudu və əyilib səcdə etdilər.
31 Sonra Xizqiya dedi: «İndi özünüzü Rəbbə həsr etdiniz, yaxın gəlin, Rəbbin məbədinə qurbanlar və şükür təqdimləri gətirin». Camaat qurbanlar və şükür təqdimləri gətirdi, ürəyi istəyənlərin hamısı yandırma qurbanları təqdim etdi.
32 Camaatın gətirdiyi yandırma qurbanlarının sayı yetmiş baş mal-qara, yüz qoç, iki yüz quzu idi. Bunların hamısı Rəbbə yandırma qurbanı gətirildi.
33 Təqdis olunan heyvanların sayı isə altı yüz baş mal-qara və üç min baş qoyun-keçi idi.
34 Ancaq kahinlər az idi və bütün yandırma qurbanlarının dərisini soya bilmədilər. İş qurtarana və kahinlər özlərini təqdis edənə qədər qohumları olan Levililər kahinlərə kömək etdilər. Çünki Levililər kahinlərdən artıq sidq ürəklə özlərini təqdis etmişdi.
35 Ünsiyyət qurbanlarının yağı və yandırma qurbanları ilə birgə gətirilmiş tökmə təqdimlər də çox idi. Beləcə Rəbbin məbədinin xidməti bərpa olundu.
36 Allahın xalq üçün gördüyü işinə görə Xizqiya və bütün xalq sevindi. Çünki bu iş gözlənilmədən olmuşdu.