18
Yehoşafat, Axav və peyğəmbər Mikeya
(1Pad. 22:1-28)
Yehoşafatın bol sərvəti və şərəfi vardı. O, Axavla qohum və müttəfiq oldu. Bir neçə il sonra Samariyaya Axavın yanına gəldi. Axav onun üçün və onunla bərabər olan xalq üçün çoxlu qoyun-keçi və mal-qara kəsdi, onu Ramot-Gileada qalxmağa təhrik etdi. İsrail padşahı Axav Yəhuda padşahı Yehoşafata dedi: «Sən mənimlə birgə Ramot-Gileada gedirsənmi?» Yehoşafat ona dedi: «Məni özün kimi, xalqımı xalqın kimi hesab elə, səninlə bərabər vuruşarıq».
Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» İsrail padşahı dörd yüz peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedi: «Get, Allah onu padşaha təslim edəcək». Yehoşafat dedi: «Burada olanlardan başqa Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki həmişə yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geyinib oturmuşdu. Hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdi. 10 Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». 11 Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək».
12 Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyir. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». 13 Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Allahım mənə nə desə, onu söyləyəcəyəm». 14 O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Gedin, qalib gələcəksiniz, onlar sizə təslim ediləcək». 15 Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» 16 * Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağası yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». 17 İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» 18 Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. 19 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. 20 Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” 21 O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə elə”». 22 Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoyub. Beləcə Rəbb başına bəla gətirməyi qərara aldı».
23 Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə hansı yolla keçdi?» 24 Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». 25 İsrail padşahı dedi: «Mikeyanı götürün, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndərin. 26 Onlara söyləyin ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». 27 Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmayıb». Sonra dedi: «Ey camaat, hamınız eşidin!»
Axavın ölümü
(1Pad. 22:29-35)
28 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdi. 29 İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. 30 Aram padşahı öz döyüş arabalarının başçılarına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. 31 Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedi: «İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Yehoşafat çığırdı. Rəbb ona yardım etdi, Allah onları onun yanından geri çəkdi. 32 Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə onun ardından geri qayıtdılar. 33 Bir adam nişan almadan kaman çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Dön və məni döyüşdən çıxar, çünki yaralanmışam». 34 O gün döyüş qızışdı. İsrail padşahı axşamacan öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Günəş batmaqda ikən o öldü.
* 18:16 Say. 27:17; Yez. 34:5; Zək. 10:2; Mat. 9:36; Mark 6:34