10
Şaulla oğullarının ölümü
(1Şam. 31:1-13)
1 Filiştlilər İsraillilərlə döyüşdü. İsraillilər Filiştlilərin önündən qaçdılar və qırılanlar Gilboa dağında qaldı.
2 Filiştlilər Şaulla oğullarını təqib edib Şaulun oğulları Yonatanı, Avinadavı və Malki-Şuanı öldürdülər.
3 Döyüş Şaulun ətrafında şiddətlənəndə oxatanlar onu tapdılar və yaraladılar.
4 Şaul öz silahdarına dedi: «Qılıncını çək, məni vur, yoxsa bu sünnətsizlər gəlib mənimlə əylənəcəklər». Lakin silahdarı çox qorxduğundan bunu etmək istəmədi. Ona görə də Şaul qılıncını götürüb özünü onun üstünə yıxdı.
5 Şaulun öldüyünü görəndə silahdarı da özünü qılıncının üstünə yıxıb Şaulla birgə öldü.
6 Beləcə Şaul və üç oğlu öldü, bütün nəsli də onunla birgə öldü.
7 Dərədə olan bütün İsraillilər öz ordularının qaçdığını və Şaulla oğullarının öldüyünü görəndə şəhərlərini qoyub qaçdılar. Filiştlilər gəlib o yerlərdə yaşadı.
8 Ertəsi gün Filiştlilər öldürülənləri soymaq üçün gələndə Gilboa dağında Şaulla oğullarının meyitini tapdılar.
9 Onun paltarlarını soyundurdular, başını və silahlarını götürdülər, öz bütlərinin məbədinə və xalqa xoş xəbər vermək üçün Filiştlilərin ölkəsinin hər tərəfinə qasid göndərdilər.
10 Şaulun silahlarını öz allahlarının məbədinə qoydular və başını Daqon məbədinə mıxladılar.
11 Yaveş-Gilead əhalisi Filiştlilərin Şaula etdiklərini eşidəndə
12 onların bütün igidləri qalxıb Şaulla oğullarının cəsədini götürərək Yaveşə gətirdilər. Onların sümüklərini götürüb Yaveşdə olan palıd ağacının altında basdırdılar və yeddi gün oruc tutdular.
13 Beləcə Şaul Rəbbə qarşı xainlik etdiyi üçün öldü. O, Rəbbin sözünə əməl etməyib cindara müraciət etdi,
14 amma Rəbdən məsləhət istəmədi. Ona görə də Rəbb onu öldürdü və padşahlığı Yesseyin oğlu Davuda verdi.