99
Məzmur 99
1 Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin,
O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin!
2 Sionda olan Rəbb əzəmətlidir,
O bütün xalqların üzərindədir, yüksəkdədir.
3 Qoy böyük, zəhmli adına şükür etsinlər!
O müqəddəsdir!
4 Ey ədalətsevər güclü Padşah,
İnsafı bərqərar edən Sənsən,
Yaqub nəslinə ədalət və salehliyi göstərmisən.
5 Allahımız Rəbbi ucaldın,
Ayaqlarına düşüb səcdə qılın,
O müqəddəsdir!
6 Onun kahinləri arasında Musa ilə Harun olub,
Onun adını çağıranlar arasında Şamuel olub.
Onlar Rəbbə yalvararkən
O cavab verərdi.
7 Bulud sütununun içindən onlarla danışdı,
Onun göstərişlərinə,
Onlara verdiyi qaydalarına bağlı qaldılar.
8 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin,
Pis əməllərinin cəzasını versən də,
Bağışlayan Allah olduğunu onlara göstərdin.
9 Allahımız Rəbbi ucaldın,
Müqəddəs dağında Ona səcdə qılın,
Çünki Allahımız Rəbb müqəddəsdir!