74
Məzmur 74
Asəfin maskili.
Ey Allah, niyə bizi əbədilik tərk etmisən?
Otlağının sürüsünə niyə qəzəbin alovlanıb?
Yada sal keçmişdə satın aldığın icmanı,
Özünə xalq etmək üçün azad etdiyin tayfanı,
Həm də məskənin olan Sion dağını.
Əbədi viranələrə doğru get,
Müqəddəs yerdə hər şeyi düşmən dağıdıb.
 
Səcdəgahının ortasında düşmənlər nərə çəkdilər,
Bu yerə zəfər bayraqlarını keçirtdilər.
Sıx meşəni budamaq üçün
Balta qaldıran adamlara bənzəyirlər.
Müqəddəs yerin bütün oyma işlərini
Baltalar və çəkiclərlə qırıb tökdülər.
Sənin Müqəddəs məkanına od vurdular,
Adının sakin olduğu yeri uçurub murdarladılar.
«Bu xalqı biz birgə əzməliyik» deyə düşünərək
Ölkədəki bütün səcdəgahları yandırdılar.
 
Heç bir rəmzimiz görünmür,
Daha peyğəmbərimiz yoxdur.
Kimsə bilmir, biz nə vaxtadək belə qalacağıq.
10 Ey Allah, nə vaxtadək düşmən Səni söyəcək?
Yağı əbədilikmi Sənin adına küfr edəcək?
11 Axı nə üçün əlini geri çəkirsən?
Çıxart qoynundan sağ əlini, onları məhv et.
 
12 Ey Allah, əzəldən Padşahımsan,
Yer üzünə qurtuluşlar verirsən.
13 * Sən dənizi Öz qüdrətinlə böldün,
Dəniz əjdahalarının başlarını əzdin.
14 Sən Livyatanın* başlarını əzdin,
Onu çöl heyvanlarına yem etdin.
15 Sən bulaqlar açıb sellər axıtdın,
Həmişəaxar çayları isə qurutdun.
16 Gündüz də Sənindir, gecə də Sənin,
Ayı və günəşi Sən yaratmısan.
17 Sən quru yerin bütün sərhədlərini qoydun,
Həm yayı, həm qışı yaratdın.
 
18 Ya Rəbb, unutma, düşmən Səni söyür,
Sənin adına axmaq bir xalq küfr edir.
19 Öz qumrunun canını yırtıcılara vermə,
Məzlumlarının həyatını əsla unutma.
20 Özün bizimlə bağladığın əhdə bax!
Zorakılıq yuvaları ölkənin hər zülmət yerinə dolub.
21 Qoyma əzabkeş yenə də rüsvay olsun,
Qoy sənin adına məzlumlar və fəqirlər həmd oxusun.
 
22 Qalx, ey Allah, mübarizəni apar,
Unutma ki, axmaqlar həmişə Səni söyür.
23 Düşmənlərinin səsini,
Əleyhdarlarının daim yüksələn vəlvələsini unutma.
* 74:13 Çıx. 14:21 * 74:14 Livyatan – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.