53
Məzmur 53
(Zəb. 14)
Musiqi rəhbəri üçün. Davudun «Maxalat» üstə oxunan maskili.
* Axmaqlar ürəyində «Allah yoxdur!» deyə düşünürlər,
İnsanlar pozulmuş, əməlləri iyrənc olmuş,
Yaxşı iş görən yoxdur.
 
Allah göylərdən bəşər övladına baxır;
Görəsən Allahı dərk edən, Onu axtaran varmı?
Hamı birgə pozulub, namus əldən gedib,
Bir nəfər də olsun yaxşı iş görən yoxdur.
 
Şər iş görənlərin hər biri məgər heç nə qanmırmı?
Xalqımı çörək yerinə yeyirlər, Allahı çağırmırlar.
 
Onlar böyük dəhşətə düşəcək,
Heç görünməmiş dəhşətə düçar olacaqlar.
Allah bizi mühasirəyə salanların
Sümüklərini qırıb dağıdacaq.
Onlar qarşımızda pərt qalacaq,
Çünki Allah tərəfindən rədd olunacaqlar.
 
Kaş İsrailin azadlığı Siondan gələydi!
Allah Öz xalqına bəxtəvər günlərini qaytaran zaman
Yaqub övladları şadlıq edəcək,
İsraillilər sevinəcək!
* 53:1 Rom. 3:10-12