36
Məzmur 36
Musiqi rəhbəri üçün. Rəbbin qulu Davudun məzmuru.
* Şər pis insanın ürəyinə pıçıldayır,
Onun gözündə Allah qorxusu yoxdur.
Öz gözündə özünü yüksək tutur,
Nə təqsirini görür, nə də ona nifrət edir.
Dilindən fitnə-fəsad düşmür,
Müdrik, xeyirxah əməllərdən əl çəkib.
Yatağında fitnələr barədə fikirləşir,
Pis yolda dayanır, şər işlərdən ikrah etmir.
 
Ya Rəbb, məhəbbətin göylərdədir,
Sədaqətin asimanı bürüyür.
Dağlar kimi salehliyin uludur,
Dərya kimi ədalətin dərindir.
Ya Rəbb, həm insanı, həm heyvanı qoruyursan.
 
Ey Allah, məhəbbətin nə qədər qiymətlidir!
Bəşər övladları Sənin qanadlarının kölgəsinə sığınır.
Evinin bolluğu ilə onları doydurursan,
Sənin xoşhal edən axar çayından onları içirirsən.
Çünki həyat mənbəyi Səndədir,
Biz Sənin nurunla görə bilirik.
 
10 Səni tanıyanlara məhəbbətini,
Ürəyidüz olanlara salehliyini daima göstər.
11 Qoy təkəbbürlülərin təpiyi altında qalmayım,
Pis adamların əli ilə qovulmayım.
12 Gördüm ki, şər iş görənlər yıxılıblar,
Onlar yerə sərilib, daha qalxa bilməzlər.
* 36:1 Rom. 3:18