22
Məzmur 22
Musiqi rəhbəri üçün. Davudun «Ayyelet haşşaxar» üstə oxunan məzmuru.
1 Ey Allahım, Allahım, niyə məni tərk etdin?
Niyə ah-zarımdan uzaq durursan, mənə imdad etmirsən?
2 Ey Allahım, gündüz çağıranda mənə cavab vermirsən,
Gecə rahatlığım yoxdur.
3 Nə qədər müqəddəssən!
İsrailin həmdləri üzərində taxt quran Sənsən!
4 Ata-babalarımız Sənə güvənmişdi,
Sənə güvənəndə onları xilas etdin.
5 Sənə yalvararkən qurtuldular,
Sənə güvənərkən rüsvay olmadılar.
6 Lakin mən torpaq qurduyam, insan deyiləm,
Adamların tənə hədəfiyəm,
Xalq mənə xor baxır.
7 Məni hər görən lağ edir,
Dodaq büzüb, başını yırğalayıb belə deyir:
8 «Qoy güvəndiyi Rəbb onu azad etsin,
Rəbb ondan razı qalıb, qoy onu xilas etsin».
9 Lakin bətndən dünyaya məni gətirən,
Ana qucağında ikən mənə əminlik verən Sənsən.
10 Doğulandan bəri Səndən asılıyam,
Ana bətnindən bəri Allahım Sənsən.
11 Məndən uzaq durma, çünki əzab yaxındır,
Köməyimə çatan yoxdur.
12 Nə qədər buğa məni dövrəyə salıb,
Güclü Başan buğaları yan-yörəmi bürüyüb.
13 Yırtıcı aslanlar kimi nərə çəkirlər,
Məni parçalamaq üçün ağızlarını açırlar.
14 Mən su kimi töküldüm,
Bütün sümüklərim oynaqlarından çıxdı,
Köksümdəki ürəyim mum kimi əridi.
15 Saxsı parçası kimi gücüm qurudu,
Dilim damağıma yapışdı,
Sən məni torpağa salıb ölüm verdin.
16 Şər insanlar dəstəsi məni dövrəyə aldı,
İt sürüsü kimi yan-yörəmi bürüdülər,
Ayaqlarımı, əllərimi deşdilər.
17 Sümüklərimi saya bilirəm,
Onlar baxırlar, gözlərini mənə zilləyirlər!
18 Aralarında paltarlarımı bölüşdürürlər,
Geyimim üçün püşk atırlar.
19 Ya Rəbb, uzaq durma,
Ey mənim Qüdrətlim, dadıma tez çat!
20 Həyatımı qılıncdan qurtar,
Canımı itlərin caynağından qurtar,
21 Məni aslanın ağzından xilas et!
Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver.
22 İsmini qardaşlarıma elan edəcəyəm,
Camaat arasında Sənə həmd söyləyəcəyəm:
23 «Siz ey Rəbdən qorxanlar, Ona həmd edin,
Ey bütün Yaqub nəsli, Onu şərəfləndirin,
Siz ey İsrail nəsli, Ona ehtiram edin!
24 Çünki Rəbb bu məzlumun dərdinə xor baxmadı,
Ondan ikrah edərək üzünü gizlətmədi,
İmdada çağıranda səsinə cavab verdi».
25 Çoxlu camaat arasında həmd etdiyim Sənsən!
Səndən qorxanların önündə əhd etdiyim təqdimləri verəcəyəm.
26 Qoy məzlumlar doyunca yesin,
Rəbbi axtaranlar Ona həmd etsin!
Qoy canınız həmişə sağ olsun!
27 Yer üzünün qurtaracağınadək hər yerdə yaşayanlar
Rəbbi xatırlayacaq, Ona tərəf dönəcəklər.
Bütün millətlərin soyları
Onun hüzurunda səcdə qılacaq.
28 Çünki hökmranlıq Rəbbindir,
Millətlər üzərində səltənət sürən Odur!
29 Bütün dünya zənginləri yeyib-doyacaq,
Rəbbin hüzurunda səcdə qılacaq.
Torpağa düşənlərin hamısı –
Özlərini ölümdən saxlaya bilməyənlər
Onun hüzurunda diz çökəcəklər.
30 Gələcək nəsillər Ona qulluq edəcək,
Xudavənd haqqında övladlarına deyəcək;
31 Onun ədalətini, Onun əməllərini
Gələcəkdə doğulan xalqa bildirəcək.