18
Məzmur 18
(2Şam. 22:1-51)
Musiqi rəhbəri üçün. Rəbb Öz qulu Davudu bütün düşmənlərin və Şaulun əlindən qurtaranda Davudun Ona söylədiyi ilahi.
O belə oxudu:
Ey mənə qüvvət verən Rəbb, Səni sevirəm.
Rəbb qayam, qalam, xilaskarımdır,
Allahım qayamdır, Ona pənah gətirəcəyəm,
Odur qalxanım, qüdrətli qurtarıcım, qülləm.
Həmdə layiq Rəbbi çağıracağam,
Düşmənlərimin əlindən qurtulacağam.
 
Ətrafımı ölüm ipləri bürümüşdü,
Məni əcəl selləri ürkütmüşdü.
Ölülər diyarının ipləri mənə sarılmışdı,
Ölüm kəməndləri məni qarşılamışdı.
Əzab içində Rəbbə yalvardım,
Allahıma fəryad qopardım.
O, məbədindən səsimi eşitdi,
Fəryadımsa hüzuruna, Onun qulağına yetdi.
 
O zaman yer üzü sarsılıb titrədi,
Dağların təməlləri lərzəyə gəldi,
Onlar sarsıldı,
Çünki O qəzəbləndi.
Burnundan tüstü çıxıb yüksəldi,
Ağzından yandırıb-yaxan alov püskürdü,
Bundan közlər tutuşdu.
O, göyləri yarıb yerədək endi,
Qatı zülmət ayaqları altında idi.
10 Bir keruva minib uçdu,
Yel qanadları üstə şığıdı.
11 Gizlənmək üçün ətrafını zülmətə bürüdü,
Tufan qoparan qara buludlardan Özünə çardaq qurdu.
12 Hüzurundan şəfəq saçdı,
Odlu közlər və dolu buludları yardı.
13 Rəbb göylərdə gurladı,
Haqq-Taala səs saldı,
Odlu közlər və dolu yağdı.
14 Oxlarını atıb düşmənləri darmadağın etdi,
Şimşəyini çaxdırıb onları dağıtdı.
15 Ya Rəbb, Sənin məzəmmətindən,
Burnundakı nəfəsinin şiddətindən
Suların dərinlikləri göründü,
Dünyanın bünövrələri açıq qaldı.
 
16 O, ucalardan əl uzadıb məni tutdu,
Məni dərin suların içindən çıxartdı.
17 Məni qüvvətli düşmənimdən azad etdi,
Çünki yağılarım məndən güclü idi.
18 Fəlakətli günümdə qarşıma çıxdılar,
Lakin Rəbb mənə dayaq oldu.
19 O məni genişliyə çıxardı,
Məndən razı qalıb məni qurtardı.
 
20 Rəbb mənə salehliyim naminə ənam verdi,
Mənə əlitəmizliyimin əvəzini verdi.
21 Çünki Rəbbin yolunu tutmuşam,
Pis olub Allahımın yolundan azmamışam.
22 Onun bütün hökmləri önümdədir,
Qaydalarından imtina etməmişəm.
23 Onunla mən kamala çatmışam,
Özümü günahdan qorumuşam.
24 Rəbb mənə salehliyimin əvəzini verdi,
Gözünün önündə əlitəmiz olmağımın əvəzini verdi.
 
25 Sədaqətlilərlə sədaqətlisən,
Kamillərlə kamilsən.
26 Təmizlərlə təmizsən,
Əyrilərlə əyriliyinə görə davranırsan.
27 İtaətkar insanları qurtarırsan,
Təkəbbürlü baxışları alçaldırsan.
28 Ya Rəbb, Sən çırağıma işıq verirsən!
Allahım Rəbb zülmətimi nura çevirir.
29 Səninlə qoşun üstünə hücum çəkirəm,
Allahımla sədlər keçirəm.
 
30 Allahın yolu kamildir,
Rəbbin kəlamı safdır,
Rəbb Ona sığınanların sipəridir.
31 Rəbdən başqa Allah kimdir ki?
Allahımızdan başqa qaya kimdir ki?
32 Allah məni qüvvəsi ilə bürüyər,
Yolumu kamil edər.
33 * Ayaqlarımı maral ayaqları kimi çevik edər,
Məni zirvələrimdə saxlar.
34 Əllərimə döyüş təlimi verər,
Qollarım tunc kamanın yayını dartar.
 
35 Sən mənə qurtuluş qalxanını verdin,
Mənə sağ əlinlə dayaq oldun,
Köməyinlə məni yüksəltdin.
36 Geniş yer açdın ki, addımlayım,
Ayaqlarım büdrəməsin.
37 Düşmənlərimi qovub onlara çatdım,
Onlar məhv olanadək geriyə qayıtmadım.
38 Onları əzdim, qalxa bilmədilər,
Ayaqlarımın altına sərildilər.
39 Döyüş üçün məni qüvvə ilə bürüdün,
Əleyhdarlarımı ayağımın altına saldın.
40 Düşmənlərimin kürəyini mənə sarı çevirdin,
Mənə nifrət edən yağıları məhv etdim.
41 Fəryad etsələr də, onları qurtaran olmadı,
Rəbbi çağırsalar da, cavab almadılar.
42 Onları əzib külək sovuran toz etdim,
Küçələrin palçığı kimi tapdaladım.
 
43 Sən məni xalqın çəkişmələrindən qurtardın,
Məni millətlərə başçı qoydun,
Tanımadığım xalqları mənə tabe etdirdin.
44 Yadellilər mənə boyun əydilər,
Səsimi eşidəndə mənə itaət etdilər.
45 Yadellilərin cəsarəti qırıldı,
Titrəyərək sığınacaqlarından çıxdılar.
 
46 Rəbb əbədi yaşayır! Qayama alqış olsun!
Məni qurtaran Allahım ucalsın!
47 O, Allahdır, mənə görə qisas alır,
Xalqları mənə tabe etdirir.
48 O məni düşmənlərimin arasından xilas edir,
Bəli, məni yağılar üstündə ucaldır,
Məni zalımların əlindən qurtarır.
 
49 * Buna görə, ya Rəbb,
Millətlər arasında Sənə şükür edəcəyəm,
İsminə tərənnüm söyləyəcəyəm.
50 Rəbb padşahına böyük zəfərlər verər,
Məsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər.
* 18:33 Hab. 3:19 * 18:49 Rom. 15:8-9