9
Hikmət yolu 
 
1 Hikmət evini qurub,  
Yeddi dirəyini yonub,   
2 Heyvanlarını kəsib,  
Şərabını hazırlayıb,  
Süfrəsini də düzəldib.   
3 Göndərdiyi kənizlər  
Şəhərin uca yerlərindən car çəkərlər:   
4 «Gəlin bura, ey cahillər!»  
Qanmazlara belə deyərlər:   
5 «Gəlin, çörəyimdən yeyin,  
Hazırladığım şərabdan için.   
6 Cəhaləti atın, ömür sürün,  
İdrak yolu ilə düz gedin».   
   
 
7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar,  
Şər adamı danlayan axırda ləkələnər.   
8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər,  
Müdrik insanı danlasan, səni sevər.   
9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq,  
Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq.   
   
 
10  Rəbb qorxusu hikmətin başlanğıcıdır,  
Müqəddəsi tanımaq idraklı olmaqdır.   
11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar,  
Həyatına illər əlavə olar.   
12 Əgər hikmət qazansan, özünə xeyir verərsən,  
Əgər rişxənd etsən, zərərini özün çəkərsən.   
Axmaqlıq yolu 
 
13 Axmaq qadın hay-küy salır,  
Cahildir, heç nə qanmır.   
14 O, evinin qapısı önündə oturub,  
Şəhərin uca yerlərində kətil üstə əyləşib,   
15 Yoldan ötənləri,  
Düz yolda olanları çağırır:   
16 «Bura gəlin, ey cahillər!»  
Qanmazlara belə deyir:   
17 «Oğurluq su şirin olar,  
Gizli yeyilən çörəyin başqa ləzzəti var».   
18 Lakin yanına gələnlər bilməzlər ki,  
Orada ölüm var,  
Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir.