AVDİYA  
PEYĞƏMBƏRİN KİTABI  
GİRİŞ  
«Avdiya» Kitabı miladdan əvvəl 586-cı ildə Babillilərin Yerusəlimi zəbt etdiklərindən sonra yazılıb. Yəhudanın qədim düşməni Esavın nəslindən olan Edomlular Yerusəlimin süqutuna sevinib şəhərin talanmasında işğalçılara kömək etdilər. Avdiya peyğəmbər Edomun dağılması və məğlubiyyəti barədə peyğəmbərlik etmişdi.  
Kitabın məzmunu:  
1:1-14 Edomun cəzalandırılması  
1:15-21 Rəbbin günü   
1
1  Bu, Avdiyaya zühur olan görüntüdür.  
Edom üzərində Allahın məhkəməsi 
 
Xudavənd Rəbb Edom barəsində belə deyir:  
Biz Rəbdən xəbər eşitdik,  
Millətlər arasına  
«Qalxın, Edoma qarşı döyüşək!» deyən qasid göndərildi.   
2 «Bax səni millətlər arasında kiçildəcəyəm,  
Hamı sənə xor baxacaq.   
3 Ey sən qaya  çatlarında məskən salan,  
Evini yüksəklərdə quran!  
Ürəyinin qüruru səni aldatdı,  
Çünki sən qəlbində “Məni kim yerə yıxa bilər?” dedin.   
4 Sən qartal kimi yuxarı uçub  
Yuvanı ulduzlar arasında qursan da,  
Səni oradan endirəcəyəm».  
Rəbb bəyan edir.   
   
 
5 «Əgər gecə yanına oğrular, quldurlar gəlsəydi,  
Ancaq öz istədikləri qədər oğurlamazdılarmı?  
Əgər üzüm yığanlar sənin bağına gəlsəydi,  
Bir neçə salxımı saxlamazdılarmı?  
Amma gör səni nə cür müsibətlər gözləyir!   
6 Esavın hər şeyi talan ediləcək,  
Gizli xəzinələri aşkara çıxarılacaq.   
7 Səninlə əhd bağlayanların hamısı  
Səni ölkəndən qovacaq,  
Müttəfiqlərin səni aldadıb məğlub edəcək.  
Səninlə çörək yeyənlər sənə tələ quracaq,  
“Onun ağlı haradadır?” deyəcək».   
8 Rəbb bəyan edir:  
«O gün Edomun hikmətli adamlarını,  
Esav dağındakı müdrikləri məhv edəcəyəm.   
9 Ey Teman,  igid adamların elə qorxuya düşəcək ki,  
Esav dağlarının hər sakini qırğında öldürüləcək.   
   
 
10 Qardaşın Yaquba etdiyin zorakılığa görə  
Sən xəcalət içində qalacaqsan,  
Əbədi məhv olacaqsan.    
11 Yadellilər onun sərvətini aparanda  
Sən uzaqda durub tamaşa etdin.  
Əcnəbilər onun şəhər darvazalarından girib  
Yerusəlim üçün püşk atanda  
Sən də onlardan biri kimi davrandın.   
12 Sən gərək Yəhudalı soydaşlarının  
Bədbəxtlik günündən zövq almayaydın,  
Həlak olduqları gün sevinməyəydin,  
O əzablı gündə rişxənd etməyəydin,   
13 Xalqımın fəlakətli günündə  
Onların şəhər darvazalarından girməyəydin,  
Başlarına bəla gələn gün  
Onların fəlakətini sevinclə seyr etməyəydin,  
Başlarına bəla gələn gün  
Onların malına əl uzatmayaydın!   
14 Sən gərək qaçan Yəhuda övladlarını öldürmək üçün  
Yol ayrıcında dayanmayaydın,  
O əzablı gün qurtulanları  
Düşmənə təslim etməyəydin!   
Rəbbin günü yaxınlaşır 
 
15 Axı bütün millətlər üçün Rəbbin günü yaxınlaşır,  
Ey Edom, sən nə cür etdinsə, sənə də belə ediləcək,  
Əməllərinin əvəzi öz başına gələcək!   
16 Çünki siz Mənim müqəddəs dağımda içdiyiniz kimi  
Bütün xalqlar durmadan içəcək,  
İçib yox olacaq,  
Sanki əvvəldən yox idi.   
İsrailin zəfəri 
 
17 Lakin qurtuluş tapanlar  
Sion dağına toplanacaq,  
O dağ müqəddəs olacaq.  
Yaqub nəsli mülkünə sahib olacaq!   
18 Yaqub nəsli od,  
Yusif nəsli alov,  
Esav nəsli isə küləş olacaq,  
Yaqub və Yusif nəsli  
Esav nəslini yandırıb məhv edəcək.  
Esav nəslindən qurtulan olmayacaq.  
Çünki Rəbb belə söylədi.   
   
 
19 Negev sakinləri Esav dağını,  
Yamaclı-düzənlikli bölgədə yaşayanlar Filiştlilərin bölgəsini,  
Yəhudalılar Efrayimlə Samariya torpaqlarını,  
Binyaminlilər isə Gileadı zəbt edəcək.   
20 Xalahda olan İsrail sürgünləri  
Kənanın Sarfata qədər uzanan torpaqlarını,  
Sefaradda olan Yerusəlim sürgünləri  
Negev şəhərlərini zəbt edəcək.   
21 Xalqı qurtaranlar Sion dağına çıxıb  
Esav dağına hökm edəcək:  
Rəbb səltənət sürəcək».