5
Düşərgənin paklığı
1 Rəbb Musaya dedi:
2 «İsrail övladlarına əmr et ki, bütün iyrənc dəri xəstəliyi və xəstəliyə görə bədən axıntısı olan yaxud da meyitdən murdarlanan hər kəsi düşərgədən çıxarsınlar.
3 Onlar istər kişi olsun, istər qadın, arasında olduğum düşərgələrini murdar etməsinlər, onları düşərgədən çıxarın».
4 İsrail övladları beləcə etdilər: onları düşərgədən çıxardılar. Rəbb Musaya necə söylədisə, İsrail övladları elə də etdilər.
Günah üçün ödəmə
5 Rəbb Musaya dedi:
6 «İsrail övladlarına söylə: “İnsanların işlətdiyi günahlardan birini edərək Rəbbə xəyanət edən kişi yaxud qadın təqsirkardır”.
7 Qoy o işlətdiyi günahı etiraf edib təqsirinin əvəzinin beşdə birini əlavə edərək qarşısında təqsirkar olan adama ödəsin.
8 Əgər o adamın təqsirinin əvəzini ala biləcək qohumu yoxdursa, ödənəcək əvəz Rəbb üçün verilsin; qoy bu təqsirkar üçün verdiyi kəffarə təkəsi ilə birlikdə kahininki olsun.
9 İsrail övladlarının kahinə təqdim etdikləri bütün müqəddəs ianələr kahinə məxsusdur.
10 Hər kəsin özü üçün təqdis etdiyi əşyalar özünə məxsusdur, amma kahinə nə verərlərsə, kahinə aiddir».
Xəyanətdə ittiham edilən qadınlar
11 Rəbb Musaya belə dedi:
12 «İsrail övladlarına belə söylə: “Bir kişinin arvadı əyri yola düşüb ona xəyanət etsə və
13 başqa kişi ilə yaxınlıq edib cinsi əlaqədə olduğu ərindən gizlədilirsə və beləcə qadının murdar işi ortaya çıxmamışsa, heç bir şahid olmadığı üçün günah üstündə tutulmamışsa,
14 əri qısqanclığa qapılıb murdar iş görən arvadından şübhələnməyə başlayarsa yaxud arvadı murdar iş görmədiyi halda yenə qısqanclığa qapılıb ondan şübhələnərsə,
15 kişi arvadını kahinin yanına aparsın və arvadı üçün təqdim olaraq istənilən efanın onda biri qədər arpa unu gətirsin. Onun üzərinə nə zeytun yağı töksün, nə də kündür qoysun, çünki bu qısqanclıq üçün taxıl təqdimidir. Təqsirkarlığı xatırladan xatirə təqdimidir.
16 Kahin qadını Rəbbin hüzuruna gətirsin;
17 gil qaba müqəddəs su alaraq müqəddəs məskənin döşəməsindən toz götürüb suya salsın.
18 Kahin qadını Rəbbin önündə dayandıraraq onun saçını dağıtsın. Sonra xatirə təqdimini onun ovuclarına qoysun. Bu, qısqanclıq üçün taxıl təqdimidir. Kahinin əlində isə lənət gətirən acı su olacaq.
19 Kahin qadına and içdirib desin: ‹Əgər sən başqa kişi ilə yaxınlıq etməmisənsə, ərinin nikahı altında olaraq əyri yola düşüb murdarlıq etməmisənsə, lənət gətirən bu acı su sənə zərər vurmayacaq.
20 Lakin əri ilə nikahda olaraq əyri yola düşərək ərindən başqa bir kişi ilə yaxınlıq edib murdar olmusansa›
21 onda kahin qadına lənət andını içdirib belə desin: ‹Rəbb sənin bətnini sonsuz edib qarnını şişirtdiyi zaman səni xalqının içində lənət və töhmətə düçar etsin.
22 Lənət gətirən bu su sənin qarnını şişirtmək və bətnini sonsuz etmək üçün bağırsaqlarına daxil olsun›. Qadın ‹Amin, amin!› desin.
23 Kahin bu lənətləri bir tumara yazsın və acı suda islatsın,
24 sonra lənət gətirən acı suyu qadına içirtsin. Lənət gətirən su onun bətninə girəcək və acı olacaq.
25 Kahin qısqanclıq üçün taxıl təqdimini qadının əlindən alsın və Rəbbin hüzurunda yellədikdən sonra qurbangaha gətirsin.
26 Xatirə təqdimi olaraq taxıl təqdimindən ovuc dolusu götürsün və qurbangahda tüstülədib yandırsın, sonra qadına suyu içirtsin.
27 Qadına suyu içirdikdən sonra əgər qadın murdar olub ərinə xəyanət etmişsə, lənət gətirən su onun bətninə girəcək və acılıq verəcək; onun qarnı şişəcək, bətni sonsuz olacaq və özü xalqının arasında lənətlənəcəkdir.
28 Əgər qadın murdarlıq etməmişsə və pakdırsa, su zərər vurmayacaq və uşaq doğa biləcəkdir.
29 Qısqanclığa aid olan qanun belədir: bir qadın əri ilə nikahda olarkən əyri yola düşüb murdar olanda
30 yaxud bir kişi qısqanclığa qapılıb arvadından şübhələnəndə kahin qadını Rəbbin hüzurunda qoysun və ona bütün bu qanunu icra etsin.
31 Kişi bu işdə cəzasız qalsın, o qadın isə öz günahının cəzasını çəksin”».