34
Kənan ölkəsinin sərhədləri
1 Rəbb Musaya dedi:
2 «İsrail övladlarına əmr et və onlara de: “Kənan ölkəsinə girdiyiniz zaman irs olaraq sizə düşən torpağın – Kənan torpağının sərhədləri belə olacaq:
3 Cənub tərəfiniz Zin səhrasından Edom sərhədi boyunca uzanacaq. Cənub sərhədiniz şərqdə Duz dənizinin ucundan başlayacaq.
4 Sərhədiniz Aqrabbim keçidinin cənubundan dolaşaraq Zin səhrasına keçəcək və oradan Qadeş-Barneanın cənubuna qədər uzanacaq. Oradan Xasar-Addara uzanıb Asmona keçəcək.
5 Sərhəd Asmondan Misir vadisinə qədər dolaşacaq və onun ucu dənizin yanında olacaq.
6 Qərb sərhədiniz Böyük dənizi və onun kənarı olacaq, qərb sərhədiniz belə olacaq.
7 Şimal sərhədiniz bu olacaq: Böyük dənizdən Hor dağına qədər nişan qoyacaqsınız.
8 Hor dağından da Xamat keçidinə qədər nişan qoyacaqsınız. Sərhədin ucu Sedadda olacaq.
9 Sərhəd Zifrona uzanacaq və onun ucu Xasar-Enanda olacaq. Bu, şimal sərhədiniz olacaq.
10 Şərq sərhədinizə Xasar-Enandan Şefama qədər nişan qoyacaqsınız.
11 Sərhəd Şefamdan Ayinin şərq tərəfində olan Rivlaya enəcək və oradan Kinneret gölünün şərq kənarındakı yamaclara çatacaq.
12 Sonra sərhəd İordan çayı boyunca enəcək və onun ucu Duz dənizinin yanında olacaq.
Hər tərəfdən ölkənizin sərhədləri bunlar olacaq”».
13 Musa İsrail övladlarına əmr edib dedi: «Bu o torpaqdır ki, siz onu püşk vasitəsilə bölməlisiniz. Rəbbin əmri ilə onu doqquz yarım qəbilə arasında bölməlisiniz.
14 Çünki Ruven qəbiləsinin nəsilləri, Qad qəbiləsinin nəsilləri və Menaşşe qəbiləsinin o biri yarısı öz irsini aldılar.
15 Bu iki yarım qəbilə Yerixonun qarşısında İordan çayının şərq tərəfində irsini aldı».
16 Rəbb Musaya dedi:
17 «Torpaqları sizə irs olaraq böləcək adamların adları belədir: kahin Eleazar və Nun oğlu Yeşua.
18 Torpaqları bölmək üçün hər qəbilədən bir nəfər rəhbər götürün.
19 Bu adamlar bunlardır: Yəhuda qəbiləsi üçün Yefunne oğlu Kalev;
20 Şimeon qəbiləsi üçün Ammihud oğlu Şamuel;
21 Binyamin qəbiləsi üçün Kislon oğlu Elidad;
22 Dan qəbiləsi üçün rəhbər olan Yoqli oğlu Buqqi;
23 Yusif oğullarından Menaşşe qəbiləsi üçün rəhbər olan Efod oğlu Xanniel;
24 Efrayim qəbiləsi üçün rəhbər olan Şiftan oğlu Qemuel;
25 Zevulun qəbiləsi üçün rəhbər olan Parnak oğlu Elisafan;
26 İssakar qəbiləsi üçün rəhbər olan Azzan oğlu Paltiel;
27 Aşer qəbiləsi üçün rəhbər olan Şelomi oğlu Axihud;
28 Naftali qəbiləsi üçün rəhbər olan Ammihud oğlu Pedahel».
29 Kənan torpağında İsrail övladlarına irs torpaqları bölmək üçün Rəbbin əmr etdiyi adamlar bunlardır.