25
İsrail övladlarının Peorda günaha batması
1 İsrail xalqı Şittimdə yaşayarkən kişiləri Moav qızları ilə zina etməyə başladı.
2 Bu qadınlar allahlarına qurban kəsəndə İsrail xalqını da dəvət edirdilər. İsrail xalqı qurban ətindən yedi və onların allahlarına səcdə etdi.
3 İsrail övladları Peordakı Baal bütünə səcdə edənlərə qoşuldular və Rəbbin qəzəbi İsraillilərə qarşı alovlandı.
4 Rəbb Musaya dedi: «Xalqın bütün başçılarını götürüb gündüz Rəbbin önündə dar ağacından asdır. Beləliklə, qoy Rəbbin qızğın qəzəbi İsraildən dönsün».
5 Buna görə Musa İsrailin hakimlərinə dedi: «Hər biriniz öz adamlarınız arasında Peordakı Baala səcdə edənlərə qoşulanları öldürün».
6 Bu an İsrail övladlarından olan bir nəfər gəldi, Musanın və Hüzur çadırının girişində ağlaşan bütün İsrail övladlarının icmasının gözü önündə qohumlarına Midyanlı bir qadın gətirdi.
7 Kahin Harun oğlu Eleazar oğlu Pinxas bunu görən kimi icmanın arasından qalxdı və əlinə bir nizə götürdü.
8 İsrailli adamın ardınca çadırın içinə girdi, nizəni İsrailli kişinin və qadının qarnına soxdu. Beləliklə, İsrail övladlarını qıran vəba dayandı.
9 Vəbadan ölənlərin sayı iyirmi dörd min nəfər idi.
10 Rəbb Musaya dedi:
11 «Kahin Harun oğlu Eleazar oğlu Pinxas Mənim qəzəbimi İsrail övladlarından döndərdi, çünki aralarında yalnız o Mənim qeyrətimi çəkdi. Beləliklə, Mən qeyrətimə görə İsrail övladlarını məhv etmədim.
12 Buna görə söylə: “Budur, Mən onunla sülh əhdi bağlayıram.
13 Bu onun üçün və ondan sonra gələn nəsli üçün əbədi kahinlik əhdi olacaq. Çünki Allahının qeyrətini çəkib İsrail övladları üçün kəffarə etdi”».
14 Midyanlı qadınla birgə öldürülən İsrailli kişinin adı Salu oğlu Zimri idi. O, Şimeonlular arasında bir nəsil rəhbəri idi.
15 Öldürülən Midyanlı qadının adı Sur qızı Kozbi idi. Sur Midyanda bir nəsil başçısı idi.
16 Rəbb Musaya dedi:
17 «Midyanlıları düşmən hesab edin və onları qırın.
18 Çünki onlar hiylə ilə sizə düşmənçilik etdilər. Peor hadisəsində və Peorda baş verən vəba günündə öldürülən bacıları, Midyanlı bəyin qızı Kozbi məsələsində sizi aldatdılar».