MARKIN
NƏQL ETDİYİ MÜJDƏ
GİRİŞ
«Markın nəql etdiyi Müjdə» «Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı» bəyanatı ilə başlayır. İsa burada fəal və səlahiyyətə malik olan Şəxs kimi təsvir olunur.
Onun səlahiyyəti öyrətdiyi təlimdə, cinlərə qalib gəlməsində və insanların günahlarının bağışlanmasında aşkara çıxır. İsa Özü barəsində deyirdi ki, «Bəşər Oğlunun yer üzündə günahları bağışlamaq səlahiyyəti var» (2:10).
Mark İsadan danışarkən Onun barəsində açıq, çox qüdrətli tərzdə nəql edir. O, İsanın dediklərindən və təlimindən daha çox Onun etdiyi işləri vurğulayır. Vəftizçi Yəhyanın meydana çıxması, İsanın vəftizi və sınağa çəkilməsi barədə qısaca giriş verən müəllif dərhal İsanın şəfa vermə xidmətinə və təlim verməsinə keçir. Vaxt getdikcə İsanın ardıcılları Onu daha yaxşı başa düşür, İsanın rəqibləri isə Ona qarşı daha da çox nifrət hissi ilə dolur. Son fəsillər İsanın yer üzündə son həftəsini, xüsusilə, Onun çarmıxa çəkilməsini və dirilməsini təsvir edir.
Kitabın məzmunu:
1:1-13 Müjdənin başlanğıcı
1:14–9:50 İsanın Qalileyada ictimai xidməti
10:1-52 Qalileyadan Yerusəlimə
11:1–15:47 İsanın Yerusəlimdəki son günləri
16:1-8 İsanın dirilməsi
16:9-20 Dirilmiş Rəbbin görünməsi və göyə qaldırılması
1
Vəftizçi Yəhyanın gəlişi
(Mat. 3:1-12; Luka 3:1-18; Yəh. 1:19-28)
Allahın Oğlu İsa Məsihin Müjdəsinin başlanğıcı.
*Yeşaya peyğəmbərin kitabında belə yazılıb:
«Budur, Sənin önündə Öz elçimi göndərirəm.
O Sənin yolunu hazırlayacaq.
*Səhrada nida edənin səsi gəlir:
“Rəbbin yolunu hazırlayın,
Onun keçəcəyi yerləri düz edin”».
Yazıldığı kimi vəftiz edən Yəhya çöldə meydana çıxdı. O, insanların günahlarının bağışlanması üçün onların tövbə edib vəftiz olunmasını vəz edirdi. Bütün Yəhudeya diyarından olanlar və Yerusəlim sakinlərinin hamısı onun yanına gəlirdi. Onlar günahlarını etiraf edərək onun tərəfindən İordan çayında vəftiz olunurdular. *Yəhya dəvə yunundan paltar geymiş, belinə dəri qurşaq bağlamışdı, çəyirtkə və çöl balı yeyirdi.
Yəhya belə vəz edirdi: «Məndən sonra məndən daha Qüdrətlisi gəlir. Mən əyilib Onun çarıqlarının bağını açmağa belə, layiq deyiləm. Mən sizi su ilə vəftiz etdim, amma O sizi Müqəddəs Ruhla vəftiz edəcək».
İsanın vəftiz olunması və sınağa çəkilməsi
(Mat. 3:13–4:11; Luka 3:21-22; 4:1-13)
O günlərdə İsa Qalileyanın Nazaret şəhərindən gəlib Yəhya tərəfindən İordan çayında vəftiz olundu. 10 İsa sudan çıxan kimi göylərin yarıldığını və Ruhun göyərçin kimi Öz üzərinə endiyini gördü. 11 *Göylərdən bir səda gəldi: «Sən Mənim sevimli Oğlumsan, Səndən razıyam».
12 Ruh dərhal İsanı səhraya çəkib-apardı. 13 O, səhrada qırx gün qaldı və bu müddət ərzində Şeytan tərəfindən sınağa çəkildi. İsa vəhşi heyvanlar arasında idi və mələklər Ona xidmət edirdi.
İsa xidmətinə başlayır
(Mat. 4:12-17; Luka 4:14-15)
14 Yəhya həbs olunandan sonra İsa Qalileyaya gəlib Allahın Müjdəsini* vəz edirdi: 15 *«Vaxt yetişib, Allahın Padşahlığı yaxınlaşıb. Tövbə edin və Müjdəyə inanın».
İlk şagirdlər
(Mat. 4:18-22; Luka 5:1-11)
16 İsa Qalileya gölünün sahilindən keçərkən suya tor atan Şimonu və qardaşı Andreyi gördü. Bu adamlar balıqçı idi. 17 İsa onlara dedi: «Ardımca gəlin, Mən sizi elə balıqçı edəcəyəm ki, insan tutacaqsınız». 18 Onlar dərhal torları kənara atıb Onun ardınca getdilər. 19 İsa bir az irəli gedib Zavday oğlu Yaqubu və qardaşı Yəhyanı gördü. Onlar qayıqda torlarını düzəldirdilər. 20 İsa dərhal onları çağırdı. Onlar da qayıqda olan ataları Zavdayı və muzdlu işçiləri qoyub Onun ardınca getdilər.
İsa Kefernahum sinaqoqunda natəmiz ruhu qovur
(Luka 4:31-37)
21 Onlar Kefernahuma gəldilər. Şənbə günü İsa sinaqoqa girib təlim öyrətməyə başladı. 22 *Onun təliminə təəccüblənirdilər, çünki onlara ilahiyyatçılar kimi deyil, səlahiyyət sahibi kimi təlim öyrədirdi. 23 Həmin vaxt onların sinaqoqunda natəmiz ruha tutulmuş bir nəfər var idi. O çığırdı: 24 «Ey Nazaretli İsa, bizdən nə istəyirsən? Bizi məhv etməyəmi gəlmisən? Mən bilirəm, Sən Kimsən: Allahın Müqəddəsisən!» 25 Amma İsa ona qadağan edib dedi: «Sus və bu adamdan çıx!» 26 Natəmiz ruh bu adamı sarsıdıb bərkdən çığıraraq ondan çıxdı. 27 Hamını heyrət bürüdü və onlar bir-birindən soruşdular: «Bu nədir? Səlahiyyətli yeni bir təlimdir! O, natəmiz ruhlara belə, əmr edir və bunlar da Ona itaət edirlər». 28 İsa haqqında xəbər dərhal Qalileya bölgəsinin hər tərəfinə yayıldı.
İsa çox adama şəfa verir
(Mat. 8:14-17; Luka 4:38-41)
29 Onlar sinaqoqdan çıxan kimi Yaqub və Yəhya ilə birgə Şimon və Andreyin evinə getdilər. 30 Şimonun qayınanası qızdırma içində yatırdı. Bunu dərhal İsaya xəbər verdilər. 31 İsa xəstənin yanına gəlib əlindən tutaraq onu qaldırdı və qadının qızdırması düşdü. Qadın onlara xidmət etməyə başladı.
32 Axşam gün batanda bütün xəstələri və cinə tutulmuşları İsanın yanına gətirdilər. 33 Bütün şəhər əhalisi qapının yanına yığıldı. 34 İsa müxtəlif xəstəliyə tutulan çox adama şəfa verdi və bir çox cinləri qovdu. Amma cinlərə danışmağa izin vermədi, çünki onlar İsanın Kim olduğunu bilirdilər.
İsa vəzini davam etdirir
(Luka 4:42-44)
35 Səhər alaqaranlıqda İsa qalxıb evdən çıxdı və kimsəsiz bir yerə gedib orada dua etdi. 36 Şimon və onun yanındakılar İsanın ardınca düşdülər. 37 Onu tapıb dedilər: «Hamı Səni axtarır». 38 İsa onlara dedi: «Gəlin başqa yerlərə – ətrafdakı şəhərlərə gedək və orada da vəz edim, çünki Mən bunun üçün gəlmişəm». 39 *Beləliklə, İsa onların sinaqoqlarında vəz edərək və cinləri qovaraq bütün Qalileyanı gəzib-dolaşdı.
İsa cüzamlıya şəfa verir
(Mat. 8:1-4; Luka 5:12-16)
40 Bir gün cüzamlı bir adam İsanın yanına gəldi və diz çöküb yalvardı: «Əgər istəsən, məni pak edə bilərsən». 41 İsanın ona rəhmi gəldi. Əlini uzadıb ona toxundu və dedi: «İstəyirəm, pak ol!» 42 Dərhal bu adam cüzamdan sağalıb pak oldu, 43 İsa o an onu yola salıb ciddi tapşıraraq 44 *belə dedi: «Bax heç kəsə bir söz demə, lakin get, özünü kahinə göstər. Hər kəsə şəhadət olsun deyə cüzamdan paklandığın üçün Musanın buyurduğu təqdimləri apar». 45 Lakin o çıxıb bu sözü vəz edərək hər yanda yaymağa başladı. Ona görə də İsa artıq heç bir şəhərə açıq girə bilmirdi, amma kənarda, kimsəsiz yerlərdə qalır və adamlar hər tərəfdən Onun yanına gəlirdi.
* 1:2 Mal. 3:1 * 1:3 Yeş. 40:3 * 1:6 2Pad. 1:8 * 1:11 Zəb. 2:7; Yeş. 42:1; Mat. 3:17; 12:18; Mark 9:7; Luka 3:21-22 * 1:14 Allahın Müjdəsini – bəzi əlyazmalarda Allahın Padşahlığının Müjdəsini. * 1:15 Mat. 3:1-2 * 1:22 Mat. 7:28-29 * 1:39 Mat. 4:23; 9:35 * 1:44 Lev. 14:1-32