25
Dinclik ili haqqında
(Qanun. 15:1-11)
1 Rəbb Sina dağında Musaya belə söylədi:
2 «İsrail övladlarına de: “Sizə verəcəyim torpağa daxil olanda bütün ölkədə Şənbə günü kimi Rəbb üçün dinclik vaxtları olsun.
3 Altı il tarlanı ək, üzümlüyün budaqlarını kəs və məhsulunu yığ.
4 Yeddinci ildə isə torpaq Şənbə günü kimi dincə qoyulsun. Bu, Rəbbin dinclik ilidir. Bu il sən nə tarlanı ək, nə də üzümlüyünü buda,
5 biçinindən düşən toxumdan bitən məhsulu biçmə və kəsilməmiş tənəklərdən salxımları yığma. Bu, torpaq üçün dinclik ili olsun.
6 Bu dinclik ilində torpağın verdiyi hər məhsul sizin üçün qida olacaq; qulunuz, qarabaşınız, muzdlu işçiniz, aranızda yaşayan gəlmənin,
7 ev heyvanının və ölkədəki vəhşi heyvanın qidası olacaq.
Azadlıq ili
8 Özün üçün yeddi dinclik ili – yeddi dəfə yeddi il say. Yeddi dinclik ilinin müddəti qırx doqquz ildir.
9 Sonra yeddinci ayın onu – Kəffarə günü bütün ölkənizdə yüksək səslə şeypur çaldırmaqla
10 əllinci ili təqdis edin və ölkənin bütün sakinləri üçün azadlıq elan edin. Bu il sizin üçün Azadlıq ili olsun; hamı öz mülkünə, öz ailəsinə qayıtsın.
11 Qoy əllinci il sizin üçün Azadlıq ili olsun. O il heç nə əkməyin, düşən toxumdan bitən məhsulu biçməyin, budanmamış meynələrinizdən yığmayın,
12 çünki bu Azadlıq ili sizin üçün müqəddəs olsun. Tarlalarınızın verdiyi məhsulu yeyin.
13 Bu Azadlıq ilində hər kəs öz mülkünə qayıtsın.
14 Kim torpaq sahəsini başqa adama satarsa, ondan alan soydaşına haqsızlıq etməsin.
15 Alan şəxs Azadlıq ilindən neçə il keçməsinə görə qiymətləndirib alsın. Satan isə məhsul götürəcəyi illərə münasib olaraq satsın.
16 İllərin sayı çoxdursa, qiyməti qaldır, azdırsa, onu endir, çünki o sənə satılan məhsulların miqdarıdır.
17 Bir-birinizə qarşı haqsızlıq etməyin, amma Allahınızdan qorxun, çünki Allahınız Rəbb Mənəm.
18 Mənim qaydalarıma əməl edin, hökmlərimə səylə riayət edin ki, ölkədə arxayın yaşayasınız.
19 Torpaq da barını verəcək ki, siz doyunca yeyib orada sakit yaşayasınız.
20 ‹Məhsul əkib-biçmədiyimiz yeddinci ildə nə yeyək?› soruşanda bilin:
21 altıncı il üstünüzə elə bərəkət göndərəcəyəm ki, torpaq üçillik məhsul verəcək.
22 Səkkizinci il əkin və köhnə məhsuldan yeyin; doqquzuncu il təzə məhsul yetişənə qədər köhnəni yeyin.
23 Torpaq əbədi olaraq satılmaz; çünki torpaq Mənimdir, siz isə yanımda qərib və gəlməsiniz.
24 Bütün mülkünüzdən sahə satanda onu geri satınalma hüququnu saxlayın.
25 Yanındakı soydaşın yoxsullaşıb mülkündən bir sahə satılmalıdırsa, onun yaxın qohumu o sahəni geri satın ala bilər.
26 Geri satın alan qohumu yoxdursa, o soydaş sonra gücü çatıb geri satınalma məbləği tapsa,
27 qoy satılan vaxtdan neçə illər keçdiyini hesablasın və qiymətin qalığını satdığı adama verib yenə öz mülkünə malik olsun.
28 Əgər gücü çatıb bu məbləği tapmasa, sahəsi Azadlıq ilinə qədər onu geri satın alan adama məxsus qalsın. Azadlıq ilində isə qaytarılsın ki, satan adam yenə öz mülkünə malik olsun.
29 Bir adam qalalı şəhərdə olan yaşayış evini satarsa, onu geri satınalma hüququ satdığı gündən bir il müddətinə qüvvədədir; satan adam evi geri satın ala bilər.
30 Amma əgər bütöv il tamamlananacan o adam evi geri satın ala bilməsə, qalalı şəhərdəki ev onu alana məxsus həmişəlik nəsildən-nəslə qalsın. Bu, Azadlıq ilində qaytarılmaz.
31 Ətraf qala divarı olmayan kəndlərdəki evlər isə torpaq sahələri kimi sayılsın; onları geri satınalma hüququ olsun və Azadlıq ilində qaytarılsın.
32 Lakin Levililər özlərinə aid şəhərlərdə mülklərini satdıqları evləri daima geri satınalma hüququna malik olsunlar.
33 Levililərdən birinin mülkü satdığı və geri satın almadığı şəhər evi Azadlıq ilində ona qaytarılsın. Çünki Levililərin şəhərlərindəki evlər onların İsrail övladları arasındakı irsdir.
34 Onların şəhərlərinin ətraf otlaqları isə heç satılmamalıdır, çünki bunlar Levililərin ayrılmaz mülküdür.
35 Yanındakı soydaşın yoxsullaşıb və özünü təmin edə bilmirsə, ona yardım et. Qoy o sənin yanında yadelli ya gəlmə kimi yaşasın.
36 Ondan nə sələm, nə də mənfəət götür. Allahından qorx və qoy soydaşın sənin yanında yaşaya bilsin.
37 Ona nə sələmlə pul ver, nə də mənfəətini güdmək üçün yemək ver.
38 Kənan torpağını sizə vermək və Allahınız olmaq üçün sizi Misir torpağından çıxaran Allahınız Rəbb Mənəm.
39 Yanındakı soydaşın yoxsullaşıb sənə özünü qul kimi satarsa, ona qulun ağır işini gördürmə.
40 Qoy o, yanında muzdlu işçi yaxud gəlmə kimi olsun. O, Azadlıq ilinədək yanında işləsin,
41 sonra uşaqları ilə birlikdə səndən ayrılıb ailəsinin yanına, atalarının mülkünə qayıtsın.
42 Çünki İsrail övladları Mənim Misir torpağından çıxartdığım qullarımdır, buna görə də onlar qul kimi satılmasınlar.
43 O soydaşına sərt ağalıq etmə. Allahından qorx.
44 Qullarınız və kənizləriniz ətrafınızdakı millətlərdən olsun. Siz onlardan nökər və qarabaş geri satın ala bilərsiniz.
45 Aranızda yaşayan gəlmələrdən və onların ölkənizdə doğulmuş ailə üzvlərindən də geri satın ala bilərsiniz. Bunlar sizin mülkiyyətiniz olacaq.
46 Siz özünüzdən sonra bunları oğullarınıza əmlak kimi vəsiyyət edə bilərsiniz və onlar oğullarınızın mirası olub həyatı boyunca iş görəcəklər. Ancaq İsrailli soydaşlarınız arasında heç kim soydaşına sərt ağalıq etməsin.
47 Yanındakı soydaşın yoxsullaşıbsa, qonşuluqda yaşayan pulu olan bir yadelli ya da gəlməyə yaxud onun ailə üzvünə özünü qul olaraq satarsa,
48 satıldıqdan sonra onun geri satınalma hüququ var. Qardaşlarından biri onu geri satın ala bilər;
49 əmisi ya da əmisi oğlu da onu geri satın ala bilər. Ailəsindən hər bir yaxın qohumu da onu geri satın ala bilər. Öz gücü çatanda o adam özünü geri satın ala bilər.
50 Qoy bu adam ağası ilə özünü satdığı ildən Azadlıq ilinə qədər muzdlu işçinin iş müddəti kimi hesablaşsın və illərin sayına görə qiyməti qoyulsun.
51 Əgər illərin sayı hələ də çoxdursa, o buna görə geri satınalınmanın qiyməti olaraq satın alındığı məbləğin böyük bir hissəsini ödəsin.
52 Lakin əgər Azadlıq ilinə az qalırsa, o müddətə görə hesab edərək geri satınalınmanın qiyməti olaraq az ödəsin.
53 Yəni ilbəil muzdlu işçi kimi ağası ilə hesablaşsın. Qoy ağası da sənin gözün qarşısında ona sərt ağalıq etməsin.
54 Əgər o adam bu yolla geri satın alınmamışdırsa, Azadlıq ilində uşaqları ilə birgə azad olsun.
55 Çünki İsrail övladları Mənim qullarım, Mənim Misir torpağından çıxardığım qullarımdır. Allahınız Rəbb Mənəm.