14
Cüzam haqqında
Rəbb Musaya dedi: * «Dərisində cüzam olan adamın paklanması haqqında təlimat budur. Bu adam kahinin yanına gətirildikdə kahin düşərgədən kənara çıxıb cüzama tutulan xəstəyə baxsın; onun dərisindəki əlamətlər sağalıbsa, onda qoy kahin paklanan adam üçün iki pak diri quş, sidr ağacının budağı, al rəngli ip və züfa otu gətirməyi əmr etsin. Kahinin buyurduğuna görə quşların biri saxsı qabda axar su üzərində kəsilsin. Sonra kahin sağ qalan quşu, sidr ağacının budağını, al rəngli ipi və züfa otunu götürüb, axar suyun üzərində kəsilən quşun qanına batırsın. Sonra qoy cüzamdan paklanan adamın üstünə yeddi dəfə qanı çiləyib onu pak elan etsin. Sağ qalan quşu çölə buraxsın. Paklanan adam geyimlərini yusun, özünü bütünlüklə qırxsın, su ilə yuyunsun; sonra pak sayılsın və düşərgəyə girsin. Amma o, yeddi gün ərzində öz çadırından kənarda yaşasın. Yeddinci gün o adam saçını, saqqalını, qaşlarını, bədənindəki bütün tüklərini qırxsın, geyimini yusun, bədənini su ilə yusun, sonra pak sayılsın.
10 Səkkizinci gün o adam qüsursuz iki erkək toğlu, birillik qüsursuz dişi toğlu, taxıl təqdimi olaraq bir efanın onda üç hissəsi miqdarında zeytun yağı ilə yoğrulmuş un və bir loq zeytun yağı gətirsin. 11 Paklanma mərasimi ilə məşğul olan kahin paklanan adamı və gətirdiyi təqdimləri Rəbbin hüzuruna – Hüzur çadırının girişinə gətirsin. 12 Kahin erkək toğluların birini götürüb zeytun yağı ilə təqsir qurbanı kimi təqdim etsin. Onları Rəbbin hüzurunda yellədərək təqdim etsin. 13 Toğlunu günah qurbanı və yandırma qurbanı kəsdiyi yerdə – müqəddəs sayılan yerdə kəssin; çünki günah qurbanı kimi təqsir qurbanı da kahinə aiddir. O qurban ən müqəddəsdir. 14 Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulağının mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına çəksin. 15 Kahin bir az zeytun yağı götürüb sol ovcuna töksün və 16 sağ əlinin bir barmağını sol ovcundakı zeytun yağına batıraraq Rəbbin hüzurunda yeddi dəfə çiləsin. 17 Ovcunda qalan yağdan kahin paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinə və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanından çəkdiyi yerlərə sürtsün. 18 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəkib bununla onun üçün Rəbbin önündə kəffarə etsin. 19 Bundan sonra kahin günah qurbanını kəssin. Bununla paklanan adam üçün murdarlığını kəffarə etsin. Sonra isə yandırma qurbanını kəsib 20 onunla taxıl təqdimini qurbangahda təqdim etsin. Beləcə kahin o adam üçün kəffarə etsin ki, o pak sayılsın.
21 Əgər o adam yoxsuldur və bu təqdimlərə gücü çatmırsa, özünün kəffarəsi üçün yellədilən təqsir qurbanı kimi bir erkək toğlu, taxıl təqdimi kimi zeytun yağı ilə yoğrulmuş onda bir efa narın unla bir loq zeytun yağı, 22 biri günah qurbanı, o biri yandırma qurbanı olaraq iki qumru quşu yaxud iki göyərçin götürsün. Bunlara gücü çatar. 23 Paklanmasının səkkizinci günü bu adam bunları kahinin yanına, Hüzur çadırının girişinə – Rəbbin hüzuruna gətirsin. 24 Kahin təqsir qurbanı olan toğlunu və bir loq zeytun yağını götürüb yelləmə təqdimi olaraq Rəbbin hüzurunda yelləsin və 25 təqsir qurbanı olan toğlunu kəssin. Sonra kahin təqsir qurbanının qanından bir az götürüb paklanan adamın sağ qulaq mərcəyinə və sağ əli ilə sağ ayağının baş barmaqlarına çəksin. 26 Kahin zeytun yağından bir az sol ovcuna töksün 27 və sağ əlinin bir barmağı ilə sol ovcundakı yağdan Rəbbin hüzurunda yeddi dəfə çiləsin. 28 Ovcundakı yağdan paklanan adamın sağ qulaq mərcəyinə, sağ əlinin və sağ ayağının baş barmağına, yəni təqsir qurbanının qanını çəkdiyi yerlərə çəksin. 29 Kahin ovcundakı yağın qalan hissəsini bu adamın başına çəksin. Bununla o adam üçün Rəbbin önündə kəffarə etsin. 30 Sonra bu adam gücü çatan qədər qumru quşlarından ya göyərçinlərdən birini təqdim etsin. 31 Gücü çatan qədər birini günah qurbanı kimi, o birisini isə taxıl təqdimi ilə birgə yandırma qurbanı kimi təqdim etsin. Beləcə kahin paklanan adam üçün Rəbbin önündə kəffarə etsin». 32 Bu, dərisində cüzamın əlaməti olub paklanmasına gücü çatmayan adam üçün təlimatdır.
Evlərdəki iyrənc kif
33 Rəbb Musaya və Haruna dedi: 34 «Sizə mülk olaraq verəcəyim Kənan torpağına girəndən sonra Mən ölkənizdə olan bir evə iyrənc kif əlaməti göndərsəm, 35 qoy ev sahibi gedib kahinə “evimdə kifə bənzər bir şey görünüb” deyə xəbər versin. 36 Kahin kifə baxmazdan əvvəl evi boşaltmağı əmr etsin ki, evdə hər bir əşya murdar sayılmasın, sonra o evə baxmağa getsin. 37 Əlamətə baxsın: evin divarlarında yaşıltəhər yaxud qırmızımtıl, divarın səthindən dərin görünən ləkələr varsa, 38 kahin evdən çıxsın və onu bağlayıb yeddi gün müddətinə təcrid etsin. 39 Yeddinci gün kahin yenə də gəlib baxsın. Əlamət evin divarına yayılıbsa, 40 onda əmr etsin ki, kifli daşlar qoparılsın və şəhərdən kənara – murdar yerə atılsın. 41 Sonra evin içinin hər tərəfini qaşıyıb təmizləsinlər və qaşıdıqları malanı şəhərdən kənara – həmin murdar yerə töksünlər. 42 Qoparılmış daşların yerinə başqa daşları götürüb qoysunlar, sonra təzə mala götürüb evi malalasınlar.
43 Əgər daşları qopardıqdan və evi qaşıyıb malalayandan sonra yenə də evdə kif əlaməti əmələ gəlsə, 44 kahin gedib baxsın. Əlamət evə yayılıbsa, evdə olan təhlükəli, iyrənc kif budur və o murdar sayılsın. 45 Belə halda qoy ev sökülsün, onun daşları, taxtaları, bütün malası şəhərdən kənara – murdar yerə atılsın. 46 Ev bağlı olduğu vaxt ərzində evə girən hər bir adam axşama qədər murdar sayılsın. 47 O evdə yeyən yaxud yatan adam geyimlərini yusun.
48 Ev malalanandan sonra kahin gəlib evə baxanda görsə ki, əlamət evə yayılmayıb, o, evi pak elan etsin, çünki kif keçib gedib. 49 O, evi pak etmək üçün iki quş, sidr ağacının budağı, al rəngli ip və züfa otunu götürüb 50 quşların birini saxsı qabda axar su üzərində kəssin. 51 Sonra kahin sidr ağacının budağını, züfanı, al rəngli ipi və sağ qalan quşu götürüb kəsilən quşun qanına və axar suya batırsın, evə yeddi dəfə çiləyərək 52 quşun qanı, axar su, sağ qalan quş, sidr ağacının budağı, züfa otu və al rəngli iplə o evi pak etsin. 53 Qoy kahin sağ qalan quşu şəhərdən kənara – çölə buraxsın. Beləcə o evi kəffarə etsin ki, o pak sayılsın».
54 Bu, hər cür cüzam, qotur, 55 geyimlərdə və evlərdə əmələ gələn iyrənc kif, 56 şiş, səpki və ləkə, 57 belə cüzamın nə vaxt murdar, nə vaxt pak sayılması barədə müəyyən edən təlimatdır.
* 14:2 Mat. 8:4; Mark 1:44; Luka 5:14; 17:14