LEVİLİLƏR
KİTABI
GİRİŞ
«Levililər» Kitabı İsraillilərin hələ də Sina dağında qalmasını təsvir edir. Bu kitab qədim İsrailin ibadət və dini mərasimlərindən bəhs edir.
Burada həmçinin bu ibadət üçün məsuliyyət daşıyan Levi tayfasından olan Harun və onun oğullarının kahinlik vəzifəsinə təyin olunmasından danışılır.
Allahın müqəddəsliyi və insanların Onunla daima ünsiyyətdə olmaq üçün ibadət etməsinin yolları kitabın əsas mövzusudur. İsa Məsihin ikinci böyük əmr adlandırdığı məşhur sözləri: «Qonşunu özün kimi sev» bu kitabdandır (19:18).
Kitabın məzmunu:
1:1–7:38 Təqdim və qurbanlar haqqında qanunlar
8:1–10:20 Harunun və onun oğullarının kahinliyə təyin olunması
11:1–15:33 Paklıq və murdarlıq haqqında qanunlar
16:1-34 Kəffarə günü
17:1–27:34 Təqdisolunma və ibadət haqqında qanunlar
1
Yandırma qurbanı
1 Rəbb Musanı Hüzur çadırından çağırıb belə dedi:
2 «İsrail övladlarına bəyan et və de: “Sizdən bir nəfər öz heyvanlarından Rəbbə qurban gətirəndə qoy qurbanlığı mal-qara yaxud qoyun-keçi olsun.
3 Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin.
4 O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.
5 O, buğanı Rəbbin önündə kəssin. Harun nəslindən olan kahinlər qanı təqdim edərək Hüzur çadırının girişi yanındakı qurbangahın hər tərəfinə səpsinlər.
6 Sonra o adam yandırma qurbanının dərisini soyub qurbanı parça-parça doğrasın.
7 Kahin Harunun övladları qurbangahda od qalayıb üstünə odun düzsünlər.
8 Harun nəslindən olan kahinlər buğanın başını və piyini parça-parça doğranmış hissələrlə birlikdə qurbangahın odunları ilə qalanan od üstünə düzsünlər.
9 Qurbanın içalatı və budlarını isə o adam su ilə yusun. Kahin bunların hamısını qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.
10 Əgər kiminsə yandırma qurbanı qoyun-keçidən ibarətdirsə, qoy bu qüsursuz erkək heyvan olsun.
11 Onu qurbangahın şimal tərəfində, Rəbbin önündə kəssin; Harun nəslindən olan kahinlər isə heyvanın qanını qurbangahın hər tərəfinə səpsinlər.
12 Sonra o adam heyvanı parça-parça doğrasın, başını və piyini kəssin; xidmət edən kahin də qurbanı qurbangahın odunları ilə qalanan od üstünə düzsün.
13 İçalatı və budları isə o adam su ilə yusun. Kahin bunların hamısını təqdim edib qurbangahda tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətirli təqdimdir.
14 Əgər kiminsə Rəbbə yandırma qurbanı quşdan ibarətdirsə, qoy qumru quşlarından yaxud göyərçinlərdən qurban gətirsin.
15 Kahin onu qurbangaha gətirsin, boynunu üzüb başını qurbangahda tüstülədib yandırsın; qanı isə qurbangahın yan tərəfindən axıdılsın.
16 Kahin quşun çinədanını lələkləri ilə çıxarıb qurbangahın şərq tərəfinə, küllüyə atsın.
17 Sonra o, qanadlarını tutaraq quşu yırtsın, amma iki yerə bölməsin. Bundan sonra kahin quşu qurbangahda odunla qalanan od üstündə tüstülədib yandırsın. Bu, yandırma qurbanı, Rəbbin xoşuna gələn ətir – yandırma təqdimidir.