24
1 Yehoyaqimin dövründə Babil padşahı Navuxodonosor onun üzərinə hücum etdi. Yehoyaqim üç il ona tabe oldu, amma sonra ona qulluq etməkdən boyun qaçırdı.
2 Xaldeylilərin, Aramlıların, Moavlıların və Ammonluların qoşunlarını Rəbb ona qarşı göndərdi; Rəbbin Öz qulları peyğəmbərlər vasitəsilə söylədiyi sözünə görə Yəhudanı məhv etmək üçün onun üzərinə göndərdi.
3 Həqiqətən, Rəbbin sözünə görə Yəhudanın başına bu iş gəldi ki, Menaşşenin etdiyi bütün günahlardan ötrü Rəbb onları hüzurundan rədd etsin.
4 Çünki onun günahsız qan töküb Yerusəlimi qanla doldurmasını Rəbb bağışlamaq istəmədi.
5 Yehoyaqimin qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır.
6 Yehoyaqim ataları ilə uyudu və yerinə oğlu Yehoyakin padşah oldu.
7 Misir padşahı bir daha öz ölkəsindən kənara çıxmadı, çünki Misir vadisindən Fərat çayına qədər Misir padşahının əvvəllər işğal etdiyi hər yeri Babil padşahı tutmuşdu.
Yəhuda padşahı Yehoyakin
(2Saln. 36:9-10)
8 Yehoyakin padşah olduğu vaxt on səkkiz yaşında idi və Yerusəlimdə üç ay padşahlıq etdi. Anası Yerusəlimli Elnatanın qızı olub adı Nexuşta idi.
9 Yehoyakin atasının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
10 O zaman Babil padşahı Navuxodonosorun qoşunları Yerusəlimə yaxınlaşdı. Şəhər mühasirəyə alındı.
11 Qoşunlar şəhəri mühasirəyə alanda Babil padşahı Navuxodonosor onun ətrafına gəldi.
12 Yəhuda padşahı Yehoyakin anası, əyanları, rəisləri və saray xidmətçiləri ilə birlikdə Babil padşahına təslim oldu. Padşahlığının səkkizinci ilində Babil padşahı onu əsir aldı.
13 Rəbbin söylədiyi kimi Rəbbin məbədinin və sarayın xəzinələrini oradan çıxartdı. İsrail padşahı Süleymanın Rəbbin məbədi üçün düzəltdiyi bütün qızıl şeyləri parça-parça etdi.
14 O bütün Yerusəlimliləri, bütün rəisləri, igid adamların hamısını – cəmi on min nəfəri və bütün ustalarla sənətkarları sürgün etdi. Ölkədə yoxsul xalqdan başqa heç kəs qalmadı.
15 Yehoyakini də Babilə sürgün etdi. Padşahın anasını, arvadlarını, saray xidmətçilərini və ölkənin adlı-sanlı adamlarını Yerusəlimdən sürgün edib Babilə apardı.
16 Babil padşahı sayı yeddi min nəfər olan bütün döyüşçüləri, min nəfər ustanı və sənətkarı – müharibədə iş görən bütün bacarıqlı adamları əsir edib Babilə gətirdi.
17 Babil padşahı Yehoyakinin yerinə əmisi Mattanyanı padşah etdi və onun adını dəyişib Sidqiya qoydu.
Yəhudanın son padşahı Sidqiya
(2Saln. 36:11-12; Yer. 52:1-3)
18 Sidqiya padşah olduğu vaxt iyirmi bir yaşında idi və Yerusəlimdə on bir il padşahlıq etdi. Anası Livnalı Yeremyanın qızı olub adı Xamutal idi.
19 O, Yehoyaqimin etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi.
20 Həqiqətən, Rəbbin qəzəbinə görə Yerusəlimin və Yəhudanın başına bu iş gəldi və Rəbb onları hüzurundan kənar etdi.
Yerusəlimin süqutu
(2Saln. 36:13-21; Yer. 52:3-33)
Sidqiya Babil padşahına qarşı üsyan etdi.