10
Giveon ətrafında döyüş
Yerusəlim padşahı Adoni-Sedeq Yeşuanın Ay şəhərini alıb tamamilə məhv etməsini, Yerixo ilə padşahının, Ay şəhəri ilə padşahının başına gətirdiyini və Giveon əhalisinin İsraillilərlə sülh bağlayıb onların arasında olduqlarını eşitdi. O vaxt onun özü və xalqı çox qorxdu, çünki Giveon şəhəri padşah şəhərlərindən biri kimi böyük bir şəhər idi. Giveon Ay şəhərindən də böyük idi və oranın adamları igid idi. Bunun üçün Yerusəlim padşahı Adoni-Sedeq Xevron padşahı Hohama, Yarmut padşahı Pirama, Lakiş padşahı Yafiaya, Eqlon padşahı Devirə xəbər göndərib dedi: «Yanıma gəlib Giveonluları qırmaqda mənə kömək edin, çünki onlar Yeşua və İsrail övladları ilə sülh bağlayıb». Beş Emor padşahı olan Yerusəlim padşahı, Xevron padşahı, Yarmut padşahı, Lakiş padşahı, Eqlon padşahı bütün orduları birləşdirərək gəlib Giveon qarşısında ordugah quraraq ona qarşı vuruşdular.
Giveon adamları Qilqaldakı ordugaha, Yeşuaya xəbər göndərib dedilər: «Əlini qullarının üstündən çəkmə, tez yanımıza gəl, bizi qurtar və bizə kömək et. Çünki dağlıqda yaşayan bütün Emor padşahları bizə qarşı birləşib». Yeşua, onunla birgə bütün döyüşçülər və bütün igid adamlar Qilqaldan çıxdılar.
Rəbb Yeşuaya dedi: «Onlardan qorxma, çünki onları sənə təslim etdim, onlardan heç kim sənin qarşında dura bilməyəcək». Yeşua bütün gecə Qilqaldan yuxarı çıxıb qəflətən onların üstünə gəldi. 10 Rəbb onları İsraillilərin qarşısında çaşbaş saldı, İsraillilər onları Giveonda böyük tələfata uğratdı və onları Bet-Xoron yoxuşunda təqib edərək Azeqaya və Maqqedaya qədər qırdılar. 11 Emorlular İsraillilərin qarşısından qaçdıqları zaman Bet-Xoron enişində ikən Azeqaya qədər Rəbb onların üstünə göydən böyük daşlar yağdırdı və onlar öldülər. Daş kimi dolu ilə ölənlər İsrail övladlarının qılıncla öldürdüklərindən daha çox idi.
12 Rəbb Emorluları İsrail övladlarına təslim etdiyi gün Yeşua Rəbbə yalvardı və İsraillilərin gözü qarşısında dedi:
«Dayan, ey günəş, Giveon üzərində,
Ey ay, Ayyalon dərəsində».
13 * İsrail xalqı düşmənlərindən qisas alana qədər günəş orada dayandı və ay yerində qaldı. Bu hadisə Yaşar kitabında yazılmışdı. Günəş göyün ortasında durdu və ləngiyib təxminən bütün günü batmadı. 14 Rəbbin insan səsini eşitdiyi o gün kimi bir gün nə ondan əvvəl, nə də ondan sonra oldu, çünki Rəbb İsrail üçün vuruşdu.
15 Sonra Yeşua və onunla birlikdə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
Emor padşahlarının öldürülməsi
16 Bu beş padşah qaçıb Maqqedada olan mağarada gizləndi. 17 «Maqqedadakı mağarada gizlənən beş padşah tapıldı» deyə Yeşuaya xəbər verdilər. 18 Yeşua dedi: «Mağaranın ağzına böyük daşlar yuvarladın və onlara nəzarət etmək üçün yanına adamlar qoyun. 19 Ancaq siz dayanmayın, düşmənlərinizi təqib edin və arxadakıları da qırın. Onları şəhərlərinə girməyə qoymayın. Allahınız Rəbb onları sizə təslim edib». 20 Yeşua və İsrail övladları düşməni çox ağır bir məğlubiyyətə uğradaraq tamamilə qırdı. Sağ qalanlar isə qalalı şəhərlərdə sığındı. 21 Bütün xalq Maqqedadakı ordugaha, Yeşuanın yanına salamat qayıtdı və bundan sonra İsrail övladlarına qarşı heç kim bir söz deyə bilmədi.
22 O vaxt Yeşua dedi: «Mağaranın ağzını açın, bu beş padşahı mağaradan mənim yanıma gətirin». 23 Elə də etdilər, mağaradan bu beş padşahı – Yerusəlim padşahını, Xevron padşahını, Yarmut padşahını, Lakiş padşahını və Eqlon padşahını onun yanına gətirdilər. 24 Bu padşahları Yeşuanın yanına gətirən zaman o bütün İsrail adamlarını çağırdı. Onunla gələn döyüşçülərin başçılarına dedi: «Yaxınlaşın, ayaqlarınızı bu padşahların boynuna qoyun». Onlar yaxınlaşdılar, ayaqlarını onların boynuna qoydular. 25 Yeşua onlara dedi: «Qorxmayın və ruhdan düşməyin, qüvvətli və ürəkli olun, çünki Rəbb vuruşacağınız bütün düşmənlərinizin başına bunları gətirəcək». 26 Ondan sonra Yeşua onları vurub öldürdü. Onları beş ağacdan asdı və axşama kimi ağacdan asılı qaldılar. 27 Gün batanda Yeşua əmr etdi ki, onları ağacdan endirsinlər və onları gizləndikləri mağaraya atdılar. Mağaranın ağzına da böyük daşlar qoydular və bu daşlar bu günə qədər də oradadır.
28 Yeşua o gün Maqqedanı aldı, onları və onun tərəfində olan bütün adamları tamamilə məhv etdi, bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini Maqqeda padşahının da başına gətirdi.
Yeşuanın cənub şəhərləri fəth etməsi
29 Yeşua və onunla birgə bütün İsraillilər Maqqedadan Livnaya keçdilər və Livnaya qarşı vuruşdular. 30 Rəbb həm şəhəri, həm də onun padşahını İsraillilərə təslim etdi. Yeşua padşahı və orada olan bütün adamları qılıncdan keçirib bir adamı belə, sağ buraxmadı. Yerixo padşahının başına gətirdiyini oranın padşahının da başına gətirdi.
31 Yeşua və onunla birgə bütün İsraillilər Livnadan Lakişə keçib onların qarşısında dayanaraq Lakişlilərlə vuruşdular. 32 Rəbb Lakişi İsraillilərə təslim etdi və oranı ikinci gün aldılar. Livnada etdikləri kimi Lakişi və oradakı bütün adamları qılıncdan keçirtdilər. 33 O zaman Gezer padşahı Horam Lakişə kömək etmək üçün gəldi. Yeşua bir nəfəri də sağ buraxmadan onu və onun xalqını da qırdı.
34 Yeşua və onunla birgə bütün İsraillilər Lakişdən Eqlona keçdilər, onun qarşısına çıxıb Eqlonlularla vuruşdular. 35 Elə həmin gün oranı aldılar və qılıncdan keçirdilər. Lakişdə etdikləri kimi Eqlondakı bütün adamları o gün tamamilə məhv etdilər.
36 Yeşua və onunla birgə bütün İsraillilər Eqlondan Xevrona keçdilər və oradakılarla vuruşdular. 37 Oranı da alıb padşahını, bütün kəndləri və bütün əhalisini qılıncdan keçirdilər. Eqlonda etdikləri kimi Xevronda da heç kimi sağ qoymadılar, oranı və oradakı bütün adamları tamamilə məhv etdilər.
38 Yeşua və onunla birgə bütün İsraillilər Devirə qayıtdılar və oradakılarla vuruşdular. 39 Deviri, onun padşahını və bütün kəndlərini alaraq əhalisini qılıncdan keçirdilər. Orada olan bütün adamları tamamilə məhv etdilər, heç kimi sağ qoymadılar. Yeşua Xevronun, Livnanın və onun padşahının başına gətirdiyini Devirin və onun padşahının da başına gətirdi.
40 Yeşua bütün ölkəni – dağlıq yerləri, Negevi, yamaclı-düzənlikli bölgəni tutdu və bütün o yerlərin padşahlarını qırdı. İsrailin Allahı Rəbbin əmr etdiyi kimi heç kəsi sağ qoymadı, hər nəfəs alan adamı tamamilə məhv etdi. 41 Yeşua Qadeş-Barneadan Qəzzəyə və Giveona qədər bütün Qoşen diyarında yaşayanları qırdı. 42 Yeşua bir dəfəyə bütün padşahları və onların ölkələrini aldı, çünki İsrailin Allahı Rəbb İsrail üçün vuruşdu. 43 Yeşua və onunla birgə bütün İsraillilər Qilqaldakı ordugaha qayıtdı.
* 10:13 2Şam. 1:18