47
Filiştlilər barədə vəhy 
 
1  Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:   
2 «Rəbb belə deyir:  
“Budur, şimaldan sular qalxır,  
Onlar sel kimi daşacaq,  
Ölkənin və oradakı hər şeyin,  
Şəhərin və orada yaşayanların üstünə axacaq.  
İnsanlar fəryad edəcək,  
O ölkədə yaşayanların hamısı nalə çəkəcək.   
3 Ayğırlarının yeri döyən dırnaqlarının səsindən,  
Döyüş arabalarının vəlvələsindən,  
Təkərlərinin gurultusundan  
Əlləri taqətdən düşdüyü üçün  
Atalar dönüb oğullarına baxmır.   
4 Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir.  
Sur və Sidona yardım edə bilən,  
Sağ qalan hər kəs yox ediləcək.  
Rəbb Kaftor sahilindən gələn   
Filiştlilərin sağ qalanlarını həlak edəcək.   
5 Qəzzə saçını yolacaq,  
Aşqelon susdurulacaq.  
Ey düzənliklərində sağ qalanlar,  
Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?   
6 ‹Ey Rəbbin qılıncı,  
Nə vaxt sakitləşəcəksən?  
Qınına dön, dayan və sakit ol!› deyəcəksiniz.   
7 Rəbb əmr etdiyi halda  
Qılınc necə susa bilər?  
Rəbb onu oraya – Aşqelona,  
Dəniz sahilinə qarşı göndərdi”».