22
Allahın padşah sülaləsinə müraciəti
1 Rəbb belə dedi: «Yəhuda padşahının sarayına get, orada bu sözü bildirib söylə ki,
2 ey Davudun taxtı üzərində oturan Yəhuda padşahı, ey bu darvazalardan girən əyanlarla xalq, Rəbbin sözünü eşidin.
3 Rəbb belə deyir: “Ədalət və salehliklə rəftar edin. Məzlumu zalımın əlindən qurtarın. Qəribə, yetimə və dul qadına haqsızlıq etməyin, zorakılıq etməyin, bu yerdə günahsız qan tökməyin.
4 Əgər siz bu əmrə, həqiqətən, əməl etsəniz, o zaman Davudun taxtında oturan padşahlar döyüş arabalarına və atlara minib əyanları və xalqları ilə birgə bu sarayın darvazalarından girəcək.
5 Lakin bu sözləri eşitməsəniz, Öz varlığıma and içirəm ki, bu ev viran qalacaq” Rəbb belə bəyan edir.
6 Bəli, Yəhuda padşahının sarayı barədə Rəbb belə deyir:
“Sən Mənim üçün Gilead,
Livanın zirvəsi kimisən.
Ancaq Mən hökmən səni bir çölə,
Kimsənin yaşamadığı şəhərlərə çevirəcəyəm.
7 Sənə qarşı həlak edənlər təyin edəcəyəm,
Hamısının əlində silah olacaq.
Sənin ən yaxşı sidr ağaclarını kəsəcəklər,
Onları oda atacaqlar.
8 Bir çox millətlər bu şəhərin yanından keçib bir-birlərindən soruşacaq: ‹Bu böyük şəhəri Rəbb niyə belə xaraba qoydu?›
9 Onda deyəcəklər: ‹Çünki özlərinin Allahı Rəbbin əhdini tərk etdilər, başqa allahlara səcdə və qulluq etdilər›”».
Padşah Şallum barədə vəhy
10 Ölən padşah üçün ağlamayın,
Yas tutmayın.
Ancaq sürgünə gedən üçün acı-acı ağlayın,
Çünki daha qayıtmayacaq,
Doğma vətənini görməyəcək.
11 Bəli, atası Yoşiyanın yerinə Yəhuda padşahı olan və buradan çıxıb gedən Yoşiya oğlu Şallum barədə Rəbb deyir: «O daha bura qayıtmayacaq,
12 sürgün olunduğu yerdə öləcək və artıq bu ölkəni görməyəcək.
Padşah Yehoyaqim barədə vəhy
13 Vay o adamın halına ki,
Sarayını haqsızlıqla,
Yuxarı otaqlarını ədalətsizliklə tikir,
Öz soydaşını müftə işlədir,
Ona muzdunu vermir.
14 Vay o adamın halına ki,
“Özümə geniş yuxarı otaqları olan
Böyük bir saray tikdirəcəyəm” deyib
Oraya pəncərələr açır,
Ətrafını sidr ağacı ilə örtür.
Qırmızı rənglə boyayır.
15 Çoxlu sidr ağacın olduğu üçünmü
Özünü padşah sanırsan?
Atan da doyunca yeyib-içirdi,
Ədalət və salehliklə rəftar edirdi.
Ona görə də işləri uğurlu oldu.
16 Məhkəmədə məzlum, yoxsul adamın işinə baxırdı,
Ona görə də işləri uğurlu oldu».
Rəbb bəyan edir: «Məni tanımaq
Elə bu deyilmi?
17 Ancaq sənin gözlərin və ürəyin
Öz haram qazancında,
Tökmək istədiyin günahsız qanda,
Etmək istədiyin qəddarlıqda,
Zorakılıqda qalıb».
18 Buna görə də Yəhuda padşahı Yoşiya oğlu Yehoyaqim barədə Rəbb belə deyir:
«Onun üçün “vay qardaşım, vay bacım” söyləyib yas tutmayacaqlar,
“Vay ağam, heyf onun izzəti” söyləyib yas tutmayacaqlar.
19 Onu sürüyüb Yerusəlim darvazalarından kənara atacaqlar,
Eşşək basdırılan kimi basdırılacaq».
Yerusəlim barədə vəhy
20 «Livana qalxıb fəryad et,
Başanda səsini ucalt,
Avarimdən nalə çək,
Çünki bütün müttəfiqlərin əzildi.
21 Hər şeyin əmin-amanlıqda olanda
Sənə nəsihət etdim,
Ancaq “qulaq asmayacağam” dedin.
Uşaqlığından xasiyyətin belədir,
Sözümə qulaq asan deyilsən.
22 Külək bütün başçılarını alıb-aparacaq,
Müttəfiqlərin sürgünə gedəcək.
O zaman etdiyin bütün pisliklərdən ötrü
Utanıb rüsvay olacaqsan.
23 Ey sən “Livanda” yaşayan,
Yuvasını sidr ağacından quran!
Sənə hamilə qadın kimi
Ağrılar, sancılar gələndə
Necə ah-zar edəcəksən!»
Padşah Yehoyakin barədə vəhy
24 Rəbb bəyan edir: «Varlığıma and olsun ki, ey Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakin, sağ əlimdəki möhür üzüyü olsan da, səni çıxarıb atardım.
25 Canını almaq istəyənlərə, qorxduğun adamlara, Babil padşahı Navuxodonosora və Xaldeylilərə səni təslim edəcəyəm.
26 Özünü, səni doğan ananı doğulmadığınız yad bir ölkəyə atacağam və orada öləcəksiniz.
27 Qayıtmağa can atdığınız ölkəyə bir daha qayıtmayacaqsınız».
28 Bu adam – Yehoyakin xor baxılan qırıq bir kasa, heç kəsin bəyənmədiyi bir qabdırmı? Bəs nə üçün özü də, övladları da aparılıb tanımadıqları bir ölkəyə atıldı?
29 Ölkə, ey ölkə, Rəbbin sözünü eşit, ey ölkə!
30 Rəbb deyir: «Bu adamı övladsız, ömründə işləri uğurlu olmayan bir kişi hesab edin. Çünki nəslindən heç kim uğur qazanmayacaq. Nəslindən heç kim Davudun taxtında oturmayacaq, Yəhudada bir daha padşahlıq etməyəcək».