2
Yunusun tövbəsi və xilası 
 
1 Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi:   
   
 
2 «Əzab içində Rəbbi çağırdım,  
O mənə cavab verdi.  
Ölülər diyarının bağrından fəryad etdim,  
Sən mənim səsimi eşitdin.   
3 Sən məni dərinə, dənizin qoynuna atdın,  
Məni sellər sarıdı,  
Sənin bütün ləpələrin və dalğaların  
Üstümdən keçdi.   
4 Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”,  
Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm.   
5 Nəfəsim kəsilənə qədər məni sular bürüdü,  
Məni dərinliklər aldı,  
Başıma yosunlar sarıldı.   
6 Dağların dibinə qədər endim,  
Arxamca əbədilik dünya bağlandı.  
Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın.   
7 Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum,  
Mənim duam Sənə,  
Sənin müqəddəs məbədinə çatdı.   
8 Puç olan bütlərə səcdə edənlər  
Onlara verilən lütfdən imtina edərlər.   
9 Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm,  
Əhdimi yerinə yetirəcəyəm.  
Xilas Rəbdədir!»   
   
 
10 Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.