40
Rəbb Əyyuba belə dedi:
«Kim ki tənbehə layiq görülür,
O, Külli-İxtiyarla mübahisə edə bilərmi?
Qoy buna Allahı ittiham edən cavab versin».
 
Onda Əyyub Rəbbə belə cavab verdi:
«Mənim gərəksizliyimə bax,
Sənə necə cavab verim,
Ağzımı əlimlə tutmuşam.
Bir dəfə danışdım, daha cavabım yoxdur,
Artıq ikinci dəfə nə danışım».
Rəbb qasırğanın içindən Əyyuba cavab verdi:
«İndi kişi kimi belinə qurşaq bağla,
Sual verəcəyəm, Mənə cavab ver.
Sənmi ədalətimi boşa çıxaracaqsan?
Özünə haqq qazandırmaq üçün sənmi Məni günahlandıracaqsan?
Allahın qolu kimi qolun varmı?
Səsin Onunku kimi gurlayarmı?
 
10 Əgər belədirsə, şərəfə, şana bürün,
Ehtişamı, əzəməti geyin.
11 Qoy qəzəbinin alovu saçsın,
Hər qürurluya baxıb onları alçalt.
12 Qürurluların hamısına baxıb aşağı endir,
Pisləri yerindəcə təpiyinin altına sal.
13 Hamısını birlikdə torpaq altında basdır,
Məzarda üzləri kəfənə bürünsün.
14 O zaman Mən də bunu qəbul edərəm,
Belə ki sağ qolun səni qurtarır.
 
15 Behemota * bax, öküz kimi ot yeyir,
Səni yaratdığım kimi onu da Mən yaratmışam,
16 Gör belində nə qədər güc var,
Qarın əzələləri necə möhkəmdir.
17 Sallanan quyruğu sidr ağacına bənzəyir,
Budlarındakı vətərlər bir-birinə hörülüb.
18 Sümükləri sanki tunc borudur,
Qabırğaları elə bil dəmir çubuqdur.
 
19 Allahın işləri arasında şah əsərdir,
Yalnız Yaradan ona qılıncla yaxınlaşa bilir.
20 Təpələr məhsullarını ona verir,
Bütün çöl heyvanları yanında oynaşır.
21 Nilufərlərin altında,
Qamışla örtülü bataqlıqlarda yatır.
22 Nilufərlər üstünə kölgə salır,
Dərənin söyüdləri onu əhatəyə alır.
23 Coşğun çaylardan qorxmur,
Sellər boğazına çatsa da, arxayındır.
24 Gözləri açıq ikən kim onu tuta bilər?
Kim qıra ilə onun burnunu deşər?
 
* 40:15 Behemot – bu gün bizə məlum olmayan nəhəng su heyvanı.