17
1 Taqətim kəsilir, günlərim batır,  
Məni məzar gözləyir.   
2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır,  
Gözüm onların düşmənçiliyini görür.   
   
 
3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver.  
Başqa kim var ki, mənə zamin dursun?   
4 Çünki onların qəlbini anlayış üçün bağladın,  
Ona görə onlara zəfər qazandırmayacaqsan.   
5 Pul üçün dostlarını satanın  
Övladlarının işığı sönəcək.   
   
 
6 Allah məni insanların dilinə saldı,  
Üzümə tüpürdülər.   
7 Gözümün nuru kədərdən qaraldı,  
Bütün əzalarım kölgə kimi qaldı.   
8 Buna əməlisaleh insanlar mat qalıb,  
Günahsızlar allahsızlara qarşı çıxır.   
9 Saleh insanlar öz yolunu tutur,  
Əlitəmiz olanlar getdikcə güclənir.   
   
 
10 Amma hamınız qayıdıb gəlsəniz,  
Aranızdan bir hikmətli insan tapmaram.   
11 Günlərim ötüşdü,  
Fikirlərim, arzularım pərən-pərən düşdü.   
12 Onlar gecəni gündüzə çevirir,  
“Zülmətə işıq yaxındır” deyir.   
13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm,  
Yatağımı qaranlıqda sərsəm,   
14 Qəbirə “atam sənsən”,  
Qurda “anam-bacım sənsən” desəm,   
15 Ümidim hara gedər?  
Mənim ümidimi kim görər?   
16 Ümid mənimlə ölülər diyarınamı düşər?  
Mənimlə birgə torpaq altınamı girər?»