66
Mühakimə və ümid
1 Rəbb belə deyir:
«Göylər Mənim taxtımdır,
Yer ayaqlarımın altındakı kətildir.
Mənim üçün harada ev tikəcəksiniz,
Dincələcəyim yer harada olacaq?
2 Çünki bütün bunları Mənim əlim yaratdı,
Hər şey beləcə əmələ gəldi» Rəbb bəyan edir.
«Ancaq Mən özünü aşağı tutan və ruhu əzilmiş insana,
Sözümün önündə titrəyənə nəzər salaram.
3 Buğa kəsən şəxs adam öldürən kimidir,
Quzunu qurban verən şəxs itin boynunu qıran kimidir,
Taxıl təqdimi gətirən şəxs donuz qanını təqdim edən kimidir,
Kündür yandıraraq təqdim edən şəxs bütə pərəstiş edən kimidir.
Onlar öz yolları ilə gedir,
İyrənc işlərindən həzz alır.
4 Mən də onları çətinliyə düçar edəcəyəm,
Qorxduqları bəlanı başlarına gətirəcəyəm.
Çünki Mən çağıranda onlardan cavab almadım,
Danışanda qulaq asmadılar,
Gözümdə pis olanı etdilər,
Mənə məqbul olmayanı seçdilər».
5 Ey Rəbbin sözü önündə titrəyənlər,
Onun dediklərini eşidin:
«Mənim adıma görə sizə nifrət edib təqib edən soydaşlarınız
“Qoy Rəbb izzətini göstərsin,
Biz də görək, necə sevinərsiniz” deyirdilər.
Amma onlar rüsvay olacaq.
6 Şəhərdən nərələr,
Məbəddən bir səs eşidilir!
Bu, düşmənlərindən qisas alan Rəbbin səsidir.
7 Bir qadın ağrı çəkmədən,
Sancısı tutmadan bir oğlan uşağı doğdu.
8 Belə bir şey eşidən olubmu?
Belə şeyləri kim görüb?
Bir gündə ölkə yarana bilərmi?
Bir anda millət doğula bilərmi?
Sion isə ağrısı tutan kimi övladlarını doğdu.
9 Mən doğuş anınadək gətirib
Doğmağa güc vermərəmmi?» deyir Rəbb.
«Doğuş üçün güc verən Mən
Bətni bağlayarammı?» deyir Allahın.
10 «Yerusəlimlə birgə sevinin,
Ey onu sevənlər, hamınız onun üçün şadlanın.
Ey Yerusəlim üçün yas tutanlar,
Onunla birgə cuşa gəlin, fərəhlənin!
11 Siz ananız Yerusəlimin döşlərini əmib
Təsəlli tapacaqsınız, doyacaqsınız,
Onun bol nemətlərindən dadıb zövq alacaqsınız».
12 Rəbb belə deyir:
«Budur, Mən əmin-amanlığı bir çay tək,
Millətlərin sərvətini daşqın sel kimi
Ona sarı axıdacağam.
Siz ondan bəslənəcəksiniz,
Qucağında daşınacaqsınız,
Dizlərində oxşanacaqsınız.
13 Övladına təsəlli verən bir ana tək
Mən sizə təsəlli verəcəyəm.
Yerusəlimdə təsəlli tapacaqsınız.
14 Bunları görüb ürəyiniz sevinəcək;
Bədənləriniz yaşıl ot kimi qüvvətlənəcək.
Hər kəs biləcək ki,
Rəbbin qoruyucu əli qullarının,
Qəzəbi isə düşmənlərinin üstündədir».
15 Budur, Rəbb odla gəlir,
Onun döyüş arabaları qasırğa tək gəlir.
Şiddətli qəzəbini, məzəmmətini
Alov kimi tökməyə hazırdır.
16 Rəbb bütün bəşəri odla,
Qılıncı ilə mühakimə edəcək,
Çoxlarını məhv edəcək.
17 «Bağlara girmək üçün
Özlərini təqdis edib pak edənlər,
Mərkəzdə duranın ardınca gedərək
Donuz, siçan və digər murdar heyvanların
Ətini yeyənlərin hamısı məhv olacaq»
Rəbb bəyan edir.
18 «Çünki Mən onların əməllərini də, fikirlərini də bilirəm. Bütün millətləri və dilləri bir yerə topladığım vaxt gəlir. Onlar gəlib Mənim əzəmətimi görəcək.
19 Mən aralarında bir əlamət qoyacağam. Onlardan qaçıb-qurtulanları Mən millətlərə – Tarşişə, Pula, mahir oxatanların vətəni Luda, Tuvala, Yavana, şöhrətimi eşitməyən, əzəmətimi görməyən uzaq diyarlara göndərəcəyəm. Onlar Mənim əzəmətimi bu millətlər arasında bəyan edəcək.
20 İsrail övladları Rəbbin məbədinə pak qablarda təqdimlərini necə gətirirlərsə, onlar da bütün millətlərdən soydaşlarını atlarla, arabalarla, taxt-rəvanlarla, qatırlarla, dəvələrlə müqəddəs dağıma, Yerusəlimə, Rəbbə elə təqdim edəcək.
21 Onlardan bəzisini Mən kahin və Levili seçəcəyəm» Rəbb bəyan edir.
22 «Yaradacağım yeni göylər və yeni yer önümdə necə qalacaqsa,
Nəsliniz və adınız da elə qalacaq»
Rəbb bəyan edir.
23 «Hər Təzə Ay mərasimində, hər Şənbə günündə
Bütün bəşər gəlib qarşımda səcdə edəcək».
Rəbb deyir.
24 «Onlar eşiyə çıxanda
Mənə qarşı üsyankar olanların meyitlərini görəcək.
Meyitləri yeyən qurd ölməyəcək,
Onları yandıran alov sönməyəcək.
Bütün bəşər onlardan iyrənəcək».