64
1 Ya Rəbb, kaş göyləri yarıb enəydin,  
Dağlar hüzurunda sarsılardı!   
2 Alov kolluğu yandıran kimi,  
Od suyu qaynadan kimi  
Adını yağılarına tanıtdıraydın,  
Millətlər önündə lərzəyə gələrdi!   
3 Sən gözləmədiyimiz əzəmətli işlər edəndə  
Endin yer üzünə, dağlar önündə sarsıldı.   
4  Ona etibar edənlər üçün belə işlər edən Allahı,  
Əzəldən bəri Səndən başqasını nə göz görüb, nə də qulaq eşidib.   
5 Sevinə-sevinə salehlik edəni,  
Yollarında Səni xatırlayanları qarşılayırsan.  
Amma biz günaha batdıq, Sən qəzəbləndin.  
Beləcə xeyli vaxt yaşadıq,  
Bəs biz necə xilas ola bilərik?   
6 Hamımız elə bil ki murdarlandıq,  
Bütün saleh əməllərimiz murdar əskiyə bənzəyir.  
Hamımız yarpaq kimi soluruq,  
Şər əməllərimiz bizi külək tək sovurub-aparır.   
7 Sənin adını çağıran yoxdur,  
Sənə bağlanmaq üçün can atan yoxdur.  
Çünki bizdən üz döndərdin,  
Şər əməllərimizə görə bizi yox etdin.   
8 Yenə də, ya Rəbb, Sənsən Atamız:  
Biz gilik, Sən isə dulusçu,  
Biz hamımız Sənin əlinin işiyik.   
9 Ya Rəbb, çox qəzəblənmə,  
Şər əməllərimizi heç vaxt xatırlama,  
Hamımız Sənin xalqınıq, bunu nəzərə al.   
10 Müqəddəs şəhərlərin səhraya,  
Sion çöllüyə döndü,  
Yerusəlim viran qaldı.   
11 Atalarımızın Sənə həmd etdikləri yer –  
Müqəddəs, şanlı məbədimiz yandı,  
Gözəl binalarımız xaraba qaldı.   
12 Bütün bunlardan sonra,  
Ya Rəbb, yenə də Özünü saxlayacaqsanmı?  
Susub bizi nə qədər alçaldacaqsan?