35
Müqəddəs yol 
 
1 Səhra və quru torpaq sevinəcək,  
Çöl şadlanacaq, nərgiz kimi çiçəklənəcək.   
2 Hər yan gül açacaq,  
Şadlanacaq, sevincdən nəğmə oxuyacaq.  
Livanın gözəlliyi, şan-şöhrəti,  
Karmelin və Şaronun cah-calalı ona veriləcək.  
Hamı Rəbbin izzətini, Allahımızın əzəmətini görəcək.   
   
 
3  Zəif əllərə qüvvət verin,  
Əsən dizləri möhkəmləndirin.   
4 Ürəklərində qorxanlara deyin:  
«Möhkəm olun, qorxmayın!  
Budur, Allahınız  
İntiqam almaq, düşmənlərinizdən qisas almaq üçün gəlir.  
O gəlib sizə qurtuluş verəcək!»   
   
 
5  O vaxt korların gözləri, karların qulaqları açılacaq,   
6 Axsaqlar ceyran kimi hoppanacaq,  
Lalların dili sevinclə nəğmə deyəcək,  
Çünki səhrada bulaqlar fışqıracaq,  
Quru torpaqda çaylar axacaq.   
7 Qızmar qum hovuza, susuz torpaq su bulaqlarına çevriləcək.  
Çaqqalların yaşadığı yerlərdə qamış və qarğı bitəcək.   
   
 
8 Orada bir yol olacaq,  
O yol «Müqəddəs yol» adlanacaq.  
Murdar adam oradan keçməyəcək,  
O yol qurtuluş tapanların yoludur.  
Ora ilə gedənlərdən heç biri,  
Hətta ağılsızlar da keçsələr,  
Əsla yolunu azmayacaq.   
9 Orada şirlər olmayacaq,  
Yırtıcı heyvanlar o yola çıxmayacaq,  
Onlara orada rast gəlməyəcəklər.  
Ancaq qurtuluş tapanlar o yol ilə gəzəcək.   
10  Rəbbin satın alınmış adamları qayıdacaq,  
Sevinclə nəğmə deyərək Siona gələcək.  
Üzlərində əbədi sevinc olacaq,  
Onlar fərəh və şadlıq tapacaq,  
Kədər və qəm-qüssə yox olacaq!