25
Sevinc ilahisi 
 
1 Ya Rəbb, Sən mənim Allahımsan,  
Səni ucaldıram, adına həmdlər oxuyuram.  
Çünki Sən qədimdən bəri möcüzələrini, niyyətlərini  
Sədaqətlə həyata keçirdin.   
2 Çünki Sən şəhəri bir daş yığınına,  
İstehkamlı şəhəri xarabalığa döndərdin.  
O şəhər yadellilərin qalası idi,  
Ondan əsər-əlamət qalmadı,  
O bir daha bərpa olunmaz.   
3 Buna görə qüvvətli xalqlar Səni izzətləndirəcək.  
Qəddar millətlərə mənsub şəhərlər Səndən qorxacaq.   
4 Çünki Sən yoxsula sığınacaq,  
Sıxıntı içində olan fəqirə pənahgah,  
Fırtına vaxtı çardaq,  
İstilik vaxtı kölgəlik oldun.  
Qəddarların nəfəsi divara çarpan fırtına kimidir,   
5 Quraqlıqda bürkü kimidir.  
Lakin Sən, ya Rəbb,  
Zülmkarların azğınlığını bulud bürkünün qarşısını alan kimi aldın,  
Amansız yağıların nəğmə səslərini kəsdin.   
Rəbbin hazırladığı ziyafət 
 
6 Bu dağda Ordular Rəbbi bütün xalqlar üçün  
Zəngin yeməklərdən, gözəl şərablardan ibarət ziyafət düzəldəcək,  
Orada ən ləziz yeməklər, ən dadlı şərablar olacaq.   
7 Bu dağda bütün xalqların üzərindəki duvağı,  
Bütün millətlərin üstündə olan toxunma örtüyü götürəcək.   
8   Ölümü əbədi olaraq yox edəcək,  
Xudavənd Rəbb bütün adamların üzündən göz yaşlarını siləcək,  
Bütün yer üzündən xalqının rüsvayçılığını götürəcək.  
Çünki Rəbb belə söylədi.   
   
 
9 O gün deyəcəklər:  
«Budur bizim Allahımız!  
Ona etibar etdik, O bizi qurtardı,  
Rəbb Odur, biz Ona ümid etdik.  
İndi isə O bizi qurtardığına görə  
Sevinib şadlanaq!»   
Allahın Moava verdiyi cəza 
 
10  Rəbbin əli bu dağın üstündə olacaq,  
Amma Moav peyinliyə düşən saman kimi tapdaq altında qalacaq.   
11 Üzgüçü üzərkən əl-qol atdığı kimi  
Moav peyinlikdə əl-qol atacaq,  
Amma Allah Moavın qürurunu əllərinin məharəti ilə alçaldacaq.   
12 O, Moavın istehkamlarını,  
Yüksək divarlarını yerə endirəcək,  
Dağıdıb yerlə yeksan edəcək.