21
Babilin düşkünlüyü haqqında görüntü 
 
1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq:  
Cənubdan necə fırtınalar gəlirsə,  
Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir.   
2 Dəhşətli görüntü mənə nazil oldu:  
Xain xainlik edir, viranəçi viran edir.  
Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al!  
Babilin bais olduğu bütün fəryadlara son qoyacağam.   
   
 
3 Gördüklərimdən belimə sancı düşdü,  
Doğan qadın tək məni ağrı tutdu.  
Eşitdiklərimdən sarsıldım  
Gördüklərimdən məni vahimə bürüdü.   
4 Ürəyim əsir, dəhşət məni bürüyür.  
Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur.   
5 Gördüyüm görüntüdə süfrə hazırlayırlar,  
Xalçalar sərirlər,  
Yeyib-içirlər.  
Qalxın, ey sərkərdələr,  
Qalxanları yağlayın!   
   
 
6 Xudavənd mənə belə dedi:  
«Get, gözətçi təyin et,  
Qoy o gördüklərini danışsın.   
7 Qoşa atlı döyüş arabalarına,  
Atlara, eşşəklərə, dəvələrə minmiş  
Adamları gördükdə çox diqqət edin».   
   
 
8 Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram,  
Hər gecə yerimdə növbəmdə olaram.   
9  Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir».  
Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı!  
Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu».   
10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım!  
İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm.   
Duma barəsində görüntü 
 
11 Duma  barəsində xəbərdarlıq:  
Bir nəfər Seirdən məni səsləyir:  
«Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?  
Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?»   
12 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb,  
Lakin yenə gecə gələcək.  
Soruşmaq istəsəniz, yenə gəlin soruşun».   
Ərəbistan barəsində vəhy 
 
13 Ərəbistan barəsində xəbərdarlıq:  
Ey Dedan karvanları,  
Ərəbistan meşələrində gecələyəcəksiniz!   
14 Ey Tema sakinləri,  
Susamışlara su gətirin!  
Qaçıb qurtulanlara çörək verin!   
15 Çünki onlar qılıncdan,  
Sıyrılmış qılıncdan,  
Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb.   
16 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq.  
17 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.