2
Rəbbin dağı 
 
(Mik. 4:1-3)  
1 Amots oğlu Yeşayanın Yəhuda və Yerusəlim barəsində gördükləri:   
2 Axır zamanda Rəbbin evi olan dağ  
Dağların zirvəsində möhkəm duracaq,  
Təpələrdən yuxarı ucalacaq.  
Bütün millətlər ona sarı gələcək.   
3 Çox xalqlar gəlib deyəcək:  
«Gəlin Rəbbin dağına,  
Yaqubun Allahının evinə qalxaq,  
Qoy Rəbb bizə Öz yollarını öyrətsin,  
Biz Onun rizləri ilə gedək».  
Siondan Rəbbin təlimi,  
Yerusəlimdən Onun kəlamı yayılacaq.   
4  Millətlər arasında Rəbb hakim olacaq,  
Çox xalqlar haqqında qərar çıxaracaq.  
Onlar qılınclarından kotan,  
Nizələrindən isə dəryaz düzəldəcək.  
Millət millətə qarşı qılınc qaldırmayacaq,  
Artıq dava etməyi öyrənməyəcək.   
   
 
5 Ey Yaqub nəsli, gəlin Rəbbin nurunda gəzək.   
Rəbbin günü 
 
6 Ya Rəbb, xalqını – Yaqub nəslini atdın,  
Çünki onlar  
Şərqdən gələn mövhumatlara uymuşdular,  
Filiştlilər kimi falçılıq edirlər,  
Əcnəbilərin adət-ənənələrinə əməl edirlər.   
7 Ölkələri qızıl-gümüşlə dolu,  
Xəzinələrinin sonu yoxdur.  
Ölkələrində çoxlu atlar var,  
Döyüş arabaları külli miqdardadır.   
8 Ölkələri bütlərlə doludur,  
Əlləri ilə düzəltdikləri,  
Barmaqları ilə işlədikləri  
Bütlərin qarşısında səcdə qılırlar.   
9 Buna görə də hamı yerə səriləcək,  
Hər kəs diz üstə çökdürüləcək.  
Ya Rəbb, onları bağışlama!   
   
 
10   Rəbbin zəhmli üzündən,  
Ehtişamının əzəmətindən  
Qayalıqlara gedin,  
Yerin altında gizlənin.   
11 Adamların təkəbbürlü baxışları alçaldılacaq,  
İnsanların qüruru qırılacaq,  
O gün yalnız Rəbb yüksəldiləcək.   
   
 
12 Çünki o gün Ordular Rəbbi  
Bütün qürurluları, lovğaları, məğrurları alçaldacaq.   
13 Livanın bütün hündür və vüqarlı sidr ağaclarını məhv edəcək,  
Bütün Başan palıdlarını yox edəcək.   
14 Bütün ulu dağları, hündür təpələri,   
15 Bütün yüksək qüllələri,  
Qala divarlarını yerlə yeksan edəcək,   
16 Bütün Tarşiş gəmilərini,  
Bütün gözəl gəmiləri yox edəcək.   
17 Adamların təkəbbürü qırılacaq,  
İnsanların qüruru alçaldılacaq,  
O gün yalnız Rəbb ucaldılacaq.   
18 Bütlər tamamilə aradan götürüləcək.   
   
 
19  Rəbb yeri sarsıtmağa qalxanda  
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən  
Hər bir insan qayalıqdakı mağaralara,  
Yerin altındakı xəndəklərə qaçıb girəcək.   
20 O gün insanlar  
Səcdə etmək üçün düzəltdikləri  
Qızıl və gümüş bütlərini götürüb  
Köstəbək və yarasaların  
Qabağına atacaqlar ki,   
21 Rəbb yeri sarsıtmağa qalxarkən  
Onun zəhmli üzündən, ehtişamının əzəmətindən  
Qaçmaq üçün qayalıqdakı çatlaqlara,  
Uçurumlardakı yarıqlara girsinlər.   
   
 
22 Nəfəsi burunda olan insandan əl çəkin,  
Onun nə dəyəri var ki?