15
Moavın dağılması 
 
1  Moav barədə xəbərdarlıq:  
Moavın Ar şəhəri bir gecəyə xarabalığa döndü, dağıldı,  
Moavın Kir şəhəri bir gecəyə viranəliyə döndü, dağıldı.   
2  Buna görə Divon xalqı ağlamaq üçün məbədə,  
Səcdəgahlara çıxdı.  
Moav xalqı Nevo və Medva üçün fəryad edir.  
Yas tutmaq üçün hamı saçını kəsdi,  
Saqqalını qırxdı.   
3 Çula bürünərək küçələrdə,  
Damlarda, meydanlarda hər kəs fəryad edir,  
Göz yaşları sel kimi axır.   
4 Xeşbon və Elale fəryad edir,  
Səsləri Yahsaya qədər eşidilir.  
Buna görə Moav əsgərləri nalə çəkir,  
Ürəkləri qorxu içindədir.   
5 Ürəyim Moav üçün kədərlənir,  
Oranın qaçqınları Soara, Eqlat-Şelişiyaya doğru qaçdı.  
Luxit yoxuşundan ağlayaraq çıxırlar.  
Xoronayim yolunda məhv olduqları üçün ağlayırlar.   
6 Nimrim suları quruduğu üçün ot soldu,  
Bitkilər qalmadı, artıq göy-göyərti yox oldu.   
7 Buna görə xalq qazandığı mal-dövlətini, yığdığı sərvətini  
Söyüdlər vadisindən keçirir.   
8 Xalqın ağlaşması Moav torpağını bürüyür,  
Fəryadı Eqlayimədək, Beer-Elimədək çatır.   
9 Çünki Dimon suları qanla doludur,  
Amma Mən Dimonun başına daha betər bəla gətirəcəyəm,  
Moavdan qaçıb-qurtulanların,  
Ölkədə sağ qalanların üstünə şirlər göndərəcəyəm.