2
1 Keşiyimdə duracağam,
Gözətçi qülləsində dayanacağam.
Baxım Rəbb mənə nə deyəcək,
Görüm şikayətlərimə nə cavab verəcək?
Rəbbin cavabı
2 Rəbb mənə belə cavab verdi:
«Görüntünü yaz, lövhələrdə açıqla ki,
Qoy hər kəs tez onu oxuya bilsin.
3 Çünki bu görüntü müəyyən vaxt üçündür,
Başa çatmağa tələsir və yalan deyil.
Gecikmiş kimi görünsə də, gözləyin,
Hökmən gələcək, gecikməyəcək.
4 Bax, bu adam məğrurdur, köksündəki ürəyi düz deyil,
Amma saleh adam imanı ilə yaşayacaq.
5 Həm də bu məğruru şərab aldadır,
Bu təkəbbürlü adam sakit durmaz,
Acgözlüyünü ölülər diyarı kimi genişləndirir,
Ölüm kimi heç doymaz.
Bütün millətləri özü üçün toplayar,
Bütün xalqları özü üçün əsir alar.
Xaldeylilərin sonrakı aqibəti
6 Amma bütün bu əsir alınanlar
Onu lağa qoyacaqlar,
İstehzalı müəmmalarla deyəcəklər:
“Özünə aid olmayanı ələ keçirənin,
Xərac alıb varlananın vay halına!
Bu nə vaxta qədər davam edəcək?”
7 Sənə xərac verənlər bir gün
Qəflətən qiyam etməzmi?
Oyanıb sizi qorxutmazmı?
Budur, o vaxt onlara qənimət olacaqsan.
8 Bir çox milləti soyduğun üçün
Xalqlardan sağ qalanlar səni də soyacaq.
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.
9 Evini haram qazancla dolduranın,
Fəlakətdən qaçmaq üçün
Yuvasını yüksək yerdə quranın vay halına!
10 Sən çox xalqları qırmaqla
Öz evini rüsvay etdin,
Öz həyatına günah gətirdin!
11 Belə ki divar daşları bu barədə fəryad qoparacaq,
Taxta tirlər əks-səda verəcək!
12 Şəhəri qanlarla tikənin,
Kəndi haqsızlıqla quranın vay halına!
13 Xalqlar odda yandırılmaq üçün zəhmət çəkir,
Ümmətlər boş yerə özünü yorur.
Bu, Ordular Rəbbindən deyilmi?
14 Çünki sular dənizi bürüdüyü kimi
Dünya Rəbbin izzətinin biliyi ilə doldurulacaq.
15 Qonşuların çılpaq bədənlərinə tamaşa etmək üçün
Onlara şərab içirdib sərxoş edənin,
İçkiyə zəhrimar qatanın vay halına!
16 Hörmət əvəzinə xəcalətlə doyacaqsan,
Sən də iç, çılpaqlığını göstər;
Rəbbin sağ əlindəki cam
Sənin üzərində fırlanacaq.
Rüsvayçılıq hörmətin üzərinə gələcək.
17 Livanda etdiyin zorakılıq öz başına gələcək,
Heyvanların qırğını səni dəhşətə gətirəcək;
Çünki insan qanı tökdün,
Ölkələrə və şəhərlərə,
Orada yaşayan hər kəsə zorakılıq etdin.
18 Sənətkarın oyduğu yonma ya tökmə bütün
Yalan öyrətməkdən başqa nə xeyri var?
Bütü düzəldən sənətkar öz işinə güvənir,
Amma onun düzəltdiyi
Dilsiz bütdən başqa nədir ki?
19 Taxtaya “Oyan!”, dilsiz daşa “Qalx!”
Deyən insanın vay halına!
Büt yol göstərə bilərmi?
Budur o, qızılla, gümüşlə örtülüb,
Daxilində isə həyat nəfəsi yoxdur.
20 Lakin Rəbb müqəddəs məbədindədir,
Qoy bütün dünya Onun önündə sussun!»