3
1 Buna görə də artıq dözməyib Afinada tək qalmağa razı olduq  
2 və qardaşımız, Məsihin Müjdəsini yaymaqda Allahın əməkdaşı olan Timoteyi sizi imanda möhkəmləndirmək və ruhlandırmaq üçün göndərdik.  
3 Belə ki qoy bu əziyyətlərdən heç kim sarsılmasın. Özünüz bilirsiniz ki, biz bunun üçün təyin olunmuşuq.  
4 Çünki yanınızda olarkən əziyyət çəkəcəyimizi sizə əvvəlcədən demişdik və bildiyiniz kimi, belə də oldu.  
5 Buna görə mən artıq dözməyib Timoteyi yanınıza göndərdim ki, imanınızdan xəbərdar olum. Qorxdum ki, sınağaçəkən bəlkə sınaqları ilə sizi yoldan çıxarmış olar və əməyimiz hədər gedər.   
Salonikdən şad xəbərlər gəlir 
 
6 Amma yanınızdan indicə qayıdan Timotey imanınız və məhəbbətiniz haqqında bizə şad xəbər gətirdi. O dedi ki, siz bizi daim xoş təəssüratla yada salırsınız və biz həsrətinizi çəkdiyimiz kimi siz də həsrətimizi çəkirsiniz.  
7 Ona görə də, qardaşlar, bütün sıxıntı və əziyyətimizə baxmayaraq, imanınıza görə sizdən təsəlli aldıq.  
8 Çünki sizin Rəbdə qalmağınız indi bizə həyat verir.  
9 Allahımız qarşısında sizə görə tam sevincimiz var. Belə olmasaydı, sizə görə Allaha necə şükür edə bilərdik?  
10 Sizin üzünüzü görmək və imanınızda çatışmayanları tamamlamaq üçün gecə-gündüz səylə dua edirik.   
11 Qoy Atamız Allah Özü və Rəbbimiz İsa bizim üçün sizin tərəflərə yol açsın.  
12 Rəbb bir-birinizə və bütün insanlara olan məhəbbətinizi sizə olan məhəbbətimiz tək artırıb-çoxaltsın.  
13 Belə ki Rəbbimiz İsa bütün müqəddəsləri ilə birgə zühur edəcəyi vaxt Atamız Allahın önündə müqəddəslikdə nöqsansız olmağınız üçün ürəklərinizə qüvvə versin. Amin.