30
1 Rəhilə Yaquba uşaq doğmadığını görəndə bacısına həsəd apardı və ərinə dedi: «Mənə uşaq ver, yoxsa ölərəm».
2 Yaqubun Rəhiləyə qəzəbi alovlandı və o dedi: «Məgər mən sənin bətninə bəhər verməyən Allaham?»
3 Rəhilə dedi: «Qarabaşım Bilhanı götür və yanına gir. Qoy o, dizlərimin üstünə bir uşaq doğsun və ondan uşaqlarım olsun».
4 Rəhilə qarabaşı Bilhanı ona arvad olmaq üçün verdi və Yaqub onun yanına girdi.
5 Bilha hamilə olub Yaquba bir oğul doğdu.
6 Rəhilə dedi: «Allah məni haqlı çıxartdı və səsimi eşidib mənə bir oğul verdi». Buna görə də onun adını Dan qoydu.
7 Rəhilənin qarabaşı Bilha yenə hamilə olub Yaquba ikinci oğul doğdu.
8 Rəhilə dedi: «Bacımla güclü mübarizəyə girişib ona üstün gəldim». O, uşağın adını Naftali qoydu.
9 Lea daha doğmadığına görə qarabaşı Zilpanı götürüb Yaquba arvad olmaq üçün verdi.
10 Leanın qarabaşı Zilpa Yaquba bir oğul doğdu.
11 Lea «uğur qazandım» deyib onun adını Qad qoydu.
12 Leanın qarabaşı Zilpa Yaquba ikinci oğul doğdu.
13 Lea dedi: «Xoşbəxtəm, çünki qadınlar məni bəxtiyar sayacaqlar». O, uşağın adını Aşer qoydu.
14 Ruven buğda biçini vaxtı gedib tarlada məhəbbət otları tapdı və onları anası Leaya gətirdi. Rəhilə Leaya dedi: «Oğlunun məhəbbət otlarından mənə də ver».
15 Lea ona dedi: «Ərimi əlimdən aldığın bəs deyilmi? İndi də oğlumun məhəbbət otlarını almaq istəyirsən?» Rəhilə dedi: «Elə isə qoy ərim oğlunun məhəbbət otlarının əvəzində bu gecə səninlə yatsın».
16 Yaqub axşam çöldən gələndə Lea onu qarşılamağa çıxıb dedi: «Mənim yanıma gir, çünki səni oğlumun məhəbbət otları ilə satın almışam». Yaqub o gecə onunla yatdı.
17 Allah Leanı eşitdi və o hamilə olub Yaquba beşinci oğlunu doğdu.
18 Lea dedi: «Allah haqqımı verdi, çünki qulluqçumu ərimə verdim». O, uşağın adını İssakar qoydu.
19 Lea yenə hamilə olub Yaquba altıncı oğlunu doğdu.
20 O dedi: «Allah mənə yaxşı bir hədiyyə verdi, bu dəfə ərim mənə hörmət edəcək, çünki ona altı oğul doğdum». O, uşağın adını Zevulun qoydu.
21 Sonra bir qız doğub, adını Dina qoydu.
22 Allah Rəhiləni yada salıb onu da eşitdi və bətnini açdı.
23 O hamilə olub bir oğul doğdu və dedi: «Allah xəcalətimi götürdü».
24 O «Rəbb mənə bir oğul da artırsın» deyib uşağın adını Yusif qoydu.
Yaqubun sürülərə sahib olması
25 Rəhilə Yusifi doğandan sonra Yaqub Lavana dedi: «Məni göndər, öz torpağıma və ölkəmə gedim.
26 Əvəzində sənə xidmət etdiyim arvadlarımı və uşaqlarımı da ver, gedim, çünki sənə necə xidmət etdiyimi yaxşı bilirsən».
27 Lavan ona dedi: «Əgər indi sənin gözündə lütf tapdımsa, yanımda qal, çünki baxıcılıq edib sənə görə Rəbbin mənə xeyir-dua verdiyini gördüm».
28 Sonra dedi: «Haqqını mənə təyin et, verim».
29 Yaqub ona dedi: «Sənə necə xidmət etdiyimi və mənimlə olan sürülərini necə saxladığımı bilirsən.
30 Çünki mən gəlməmişdən əvvəl sənin malın az idi, sonra isə xeyli çoxaldı; Rəbb mənim gəlişimlə sənə xeyir-dua verdi. Bəs mən öz ailəm üçün nə vaxt çalışacağam?»
31 Lavan dedi: «Sənə nə verim?» Yaqub dedi: «Mənə heç nə vermə. Əgər bunu etsən, yenə sənin sürünü qoruyub ona baxaram:
32 qoy bu gün sənin bütün sürülərinin içindən keçib qoyunlar arasından hər xallı, zolaqlı qoyunu və qara quzunu, keçilər arasından hər zolaqlı və xallı keçini ayırım; haqqım da bu olsun.
33 Bundan sonra qarşında olan haqqım üçün gəldikdə düzlüyüm mənim barəmdə şəhadət edəcək. Qoy keçilərdən xallı və zolaqlı olmayanı, quzulardan da qara olmayanı oğurlanmış sayılsın».
34 Lavan dedi: «Yaxşı, qoy dediyin kimi olsun».
35 Amma o həmin gün alabəzək və xallı təkələri, bütün zolaqlı və xallı keçiləri, ağ keçiləri və bütün qara quzuları ayırıb oğullarının ixtiyarına verdi.
36 Sonra özü Yaqubdan üç günlük yol qədər uzaqlaşdı. Yaqub isə Lavanın qalan sürüsünü otarırdı.
37 Yaqub ağcaqovaq, badam və çinar ağacından düzəldilmiş təzə çubuqlar götürdü və çubuqların qabığını soyub ağ rəngli içi üzə çıxana qədər zolaqlar açdı.
38 Sonra qabığını soyduğu çubuqları sürülərin su içmək üçün gəldikləri təknələrə, heyvanların qabağına qoydu. Onlar gəlib su içəndə döllənirdi.
39 Beləcə heyvanlar çubuqların qabağında döllənirdi və sürülərdə alabəzək, xallı və zolaqlı heyvanlar doğulurdu.
40 Yaqub quzuları ayırırdı və sürünün üzünü Lavanın sürüsündə olan bütün alabəzək və qara heyvanlara tərəf tuturdu. O öz sürüsünü ayrıca qoydu və onları Lavanın sürüsünə qatmadı.
41 Hər dəfə sürünün qüvvətli heyvanları dölləndikləri zaman Yaqub təknələrə, sürünün gözləri önünə çubuqlar qoyurdu ki, çubuqlar arasında döllənsinlər.
42 Ancaq heyvanlar zəif olanda onları qoymazdı. Beləcə zəif heyvanlar Lavanın, qüvvətli heyvanlar isə Yaqubun oldu.
43 Bu adam çox varlandı: onun çoxlu sürüsü, qarabaşı, qulu, dəvəsi və eşşəyi oldu.