3
Adəm və Həvvanın günaha batması
1 Rəbb Allahın yaratdığı bütün çöl heyvanlarının ən hiyləgəri ilan idi. İlan qadına dedi: «Doğrudanmı, Allah sizə “bağda olan heç bir ağacın bəhrələrindən yeməyin” deyib?»
2 Qadın ilana dedi: «Bağdakı ağacların bəhrələrindən yeyə bilərik.
3 Amma bağın ortasındakı ağacın meyvələri barədə Allah deyib: “Ondan yeməyin və ona toxunmayın, yoxsa öləcəksiniz!”»
4 İlan qadına dedi: «Yox, əsla ölməzsiniz.
5 Əksinə, Allah bilir ki, o meyvələrdən yediyiniz gün gözləriniz açılacaq və xeyirlə şəri bilərək Allah kimi olacaqsınız».
6 Qadın gördü ki, ağacın meyvəsi yemək üçün yaxşıdır, gözə xoş görünür və bu ağac insana dərrakə verməyi vəd edir. Buna görə də o həmin meyvədən dərib yedi. Sonra yanında olan ərinə də verdi, o da yedi.
7 O vaxt ikisinin də gözləri açıldı və çılpaq olduqlarını bildilər. Buna görə də əncir yarpaqlarını bir-birinə hörüb özlərinə fitə düzəltdilər.
8 Onlar günün sərinliyində bağda gəzişən Rəbb Allahın səsini eşitdilər. Adəm və onun arvadı Rəbb Allahın hüzurundan qaçıb bağdakı ağacların arasında gizləndilər.
9 Rəbb Allah Adəmi səsləyib dedi: «Haradasan?»
10 O cavab verdi: «Bağda səsini eşitdim və çılpaq olduğum üçün qorxdum, ona görə də gizlənmişəm».
11 Rəbb Allah dedi: «Kim sənə bildirdi ki, çılpaqsan? Sənə yeməyi qadağan etdiyim ağacın meyvəsindən yeməmisən ki?»
12 Adəm dedi: «Mənimlə birgə olmaq üçün verdiyin qadın o ağacın meyvəsindən verdi, mən də yedim».
13 Rəbb Allah qadına dedi: «Sən niyə belə etdin?» Qadın dedi: «İlan məni yoldan çıxartdı, mən də yedim».
14 Rəbb Allah ilana dedi:
«Sən bunu etdiyin üçün
Bütün ev heyvanları və çöl heyvanları arasında
Lənət qazanırsan.
Qarnın üstündə sürünəcəksən,
Bütün ömrün boyu torpaq yeyəcəksən.
15 Mən səninlə qadın arasına,
Sənin balanla onun övladı arasına
Düşmənçilik salıram.
Bu övlad sənin başından vuracaq,
Sən də onu dabanından sancacaqsan».
16 Sonra Rəbb Allah qadına dedi:
«Hamilə olanda sənə
Çox əziyyət verəcəyəm,
Uşaqlarını ağrı içində doğacaqsan.
Ərinə meylli olacaqsan,
O sənə ağalıq edəcək».
17 Sonra Rəbb Allah Adəmə dedi:
«Arvadının sözünə qulaq asdığın üçün,
Qadağan etdiyim, “meyvəsini yemə” dediyim
Ağacdan yediyin üçün
Sənə görə torpaq lənətlənir.
Ömrün boyu zəhmətlə
Torpaqdan yemək əldə edəcəksən.
18 O sənə tikan və qanqal bitirəcək,
Sən də çöldəki ot-ələfi yeyəcəksən.
19 Alın tərinlə çörək yeyəcəksən.
Axırda torpağa qayıdacaqsan,
Çünki oradan götürülmüsən,
Ona görə ki yerin torpağısan,
Torpağa da qayıdacaqsan».
20 Adəm arvadının adını Həvva qoydu, çünki o, yer üzündə yaşayanların hamısının anası oldu.
21 Onda Rəbb Allah Adəmlə arvadı üçün dəridən paltar düzəltdi və onlara geyindirdi.
22 Sonra Rəbb Allah dedi: «Budur, insan xeyirlə şərin nə olduğunu bilərək bizlərdən biri kimi oldu. Qoy indi əlini uzadaraq həyat ağacının meyvəsindən dərib yeməsin və əbədi yaşamasın!»
23 Rəbb Allah insanı Eden bağından çıxartdı ki, o özünün də bir qismindən götürüldüyü torpağı becərsin.
24 Rəbb Allah insanı qovdu. O, Eden bağının şərqinə keruvlarını və hər tərəfə fırlanan odlu qılıncını qoydu ki, həyat ağacına gedən yolu qorusunlar.