36
1 Besalel, Oholiav və bütün ürəkləri hikmətlə dolu, Rəbbin onlara bu işi bacarmaq üçün hikmət və dərrakə verdiyi adamlar Rəbbin etdiyi hər şeyə görə müqəddəs yerin inşa işini görsünlər».
2 Musa Besaleli, Oholiavı və bütün ürəkləri hikmətlə dolu – Rəbbin onların ürəklərinə hikmət qoyduğu adamları, bu işi ürəkdən görmək istəyənlərin hamısını çağırdı.
3 Onlar müqəddəs yerin inşa işini görmək üçün İsrail övladlarının gətirdiyi bütün ianələri Musanın yanından götürdülər. İsrail övladları hər səhər könüllü təqdimlər gətirməyə davam edirdilər.
4 Onda müqəddəs yerin inşası ilə məşğul olan hikmətli sənətkarlar hər işlərindən ayrılaraq
5 Musanın yanına gəlib dedilər: «Xalq Rəbbin əmr etdiyi inşa işi üçün lazım olandan çox şey gətirir».
6 Musa əmr verdi və düşərgədə elan etdirdi ki, nə kişi, nə də qadın müqəddəs yer üçün daha ianə gətirməsin. Beləcə xalq bir daha ianə gətirmədi.
7 Çünki bütün işi görmək üçün xammal lazımi miqdardan artıq idi.
Müqəddəs məskənin düzəldilməsi
(Çıx. 26:1-37)
8 İşi görmək üçün ürəkləri hikmətlə dolu bütün adamlar müqəddəs məskəni on pərdədən düzəltdilər. Pərdələri nəfis toxunmuş incə kətandan bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
9 Hər pərdənin uzunluğu iyirmi səkkiz qulac, eni isə dörd qulac idi. Bütün pərdələr eyni ölçüdə idi.
10 Pərdənin beşini də bir-birinə birləşdirdilər. Digər beşini də bir-birinə birləşdirdilər.
11 Bir birləşmənin qıraq pərdəsinin kənarında bənövşəyi ilgəklər düzəltdilər; o biri birləşmənin qıraq pərdəsinin kənarında da eyni şəkildə ilgəklər düzəltdilər.
12 Bir pərdəyə əlli ilgək, o biri birləşmədəki pərdənin kənarında da onlara uyğun gələn əlli ilgək düzəltdilər.
13 Qızıldan əlli bənd düzəltdilər. Bəndlərlə pərdələri bərkitdilər və çadırı birləşdirdilər. Beləliklə, müqəddəs məskən bütöv oldu.
14 Məskəni örtən çadır üçün keçi yunundan on bir ədəd pərdə düzəltdilər.
15 Hər pərdənin uzunluğu otuz qulac, eni isə dörd qulac idi. On bir pərdə bir ölçüdə idi.
16 Beş pərdəni ayrıca, altı pərdəni də ayrıca bitişdirdilər.
17 Bir birləşmənin qıraq pərdəsinin kənarındakı kimi o biri birləşmənin qıraq pərdəsinin kənarında da əlli ilgək düzəltdilər.
18 Çadırı birləşdirib bütöv etmək üçün tuncdan əlli bənd düzəltdilər.
19 Çadır üçün qırmızı boyanmış qoç dərilərindən bir pərdə və onun üstündə suiti dərilərindən bir pərdə düzəltdilər.
20 Müqəddəs məskən üçün əbrişim ağacından dik duran çərçivələr düzəltdilər.
21 Hər çərçivənin uzunluğu on qulac, eni isə qulac yarım idi.
22 Hər çərçivənin üstündə iki bir-birinə bağlanan zivana var idi; məskənin bütün çərçivələrini belə düzəltdilər.
23 Məskənin cənub tərəfi üçün iyirmi çərçivə düzəltdilər.
24 Onların altına qoyulmaq üçün hər çərçivənin altındakı iki zivana üçün iki altlıq düzəltdilər; beləcə qırx gümüş altlıq düzəldildi.
25 Məskənin şimal tərəfi üçün də iyirmi çərçivə düzəltdilər.
26 Hər çərçivənin altında iki altlıq olmaqla qırx gümüş altlıq düzəltdilər.
27 Məskənin qərbə doğru arxası üçün altı çərçivə düzəltdilər.
28 Məskənin arxa küncləri üçün isə iki çərçivə düzəltdilər;
29 bunlar aşağıda birləşib yuxarıda bir halqaya taxıldı; hər iki künc üçün o cür iki çərçivə düzəltdilər.
30 Bu səkkiz çərçivə üçün on altı gümüş altlıq, hər çərçivənin altında iki altlıq düzəldildi.
31 Əbrişim ağacından şüvüllər düzəltdilər: məskənin hər iki tərəfdəki çərçivələri üçün beş şüvül,
32 məskənin qərbə doğru arxa çərçivələri üçün də beş şüvül düzəldildi.
33 Çərçivələrin ortasında bir ucdan o biri uca qədər uzanan orta şüvül düzəltdilər.
34 Çərçivələri qızılla örtdülər; şüvüllərin keçdiyi halqaları qızıldan düzəltdilər; şüvülləri də qızılla örtdülər.
35 Pərdəni bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan, üstünü isə keruvlar şəklində naxışla düzəltdilər.
36 Onun üçün əbrişim ağacından dörd dirək düzəltdilər və onları qızılla örtdülər, üstündə qızıl qarmaqları qoydular; onlar üçün dörd gümüş altlıq tökdülər.
37 Çadırın girişi üçün arakəsməni bənövşəyi, tünd qırmızı və al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməsi ilə düzəltdilər.
38 Onun beş dirək və qarmaqlarını da düzəltdilər. Yuxarılarını və bəndlərini qızılla örtdülər; beş altlığı isə tuncdan düzəltdilər.