3
Rəbb Musanı çağırır
* Musa qayınatası Midyan kahini Yetronun sürüsünü otarırdı. Bir dəfə o, sürünü səhranın o biri tərəfinə aparıb Allahın dağı Xorevə gəldi. Birdən Rəbbin mələyi ona bir kol arasından od-alov içərisində göründü; od içində kolun sönmədən yanmasını görüb Musa öz-özünə dedi: «Gedim, bu qəribə mənzərəyə baxım, görüm nə üçün bu kol yanıb qurtarmır». Rəbb Musanın baxmağa gəldiyini görəndə Allah kolun ortasından onu çağırıb dedi: «Musa, Musa!» O da «mən buradayam» dedi. * Allah dedi: «Buraya yaxınlaşma. Ayaqlarından çarıqlarını çıxart, çünki durduğun yer müqəddəs torpaqdır». * Sonra dedi: «Mən atanın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahıyam». Musa üzünü örtdü, çünki Allaha baxmağa qorxurdu.
Rəbb dedi: «Həqiqətən, Mən Misirdə olan xalqımın əziyyətini gördüm, nəzarətçilərin əlindən etdikləri fəryadlarını eşitdim və dərdlərinə nəzər saldım. Mən ona görə gəldim ki, onları Misirlilərin əlindən qurtarıb bu ölkədən çıxarım və geniş, nemətli bir diyara, süd və bal axan torpağa – Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə aparım. İndi isə İsrail övladlarının fəryadı Mənə çatdı, Misirlilərin onlara etdikləri zülmü görürəm. 10 Buna görə də get. Səni fironun yanına göndərirəm ki, xalqım İsrail övladlarını Misirdən çıxarasan».
11 Musa Allaha dedi: «Axı mən kiməm ki, fironun yanına gedib İsrail övladlarını Misirdən çıxarım?» 12 Allah dedi: «Mən səninləyəm. Mənim səni göndərdiyimə əlamət bu olacaq: sən xalqı Misirdən çıxaranda bu dağda Mənə ibadət edəcəksiniz». 13 * Musa Allaha dedi: «İsrail övladlarının yanına gedib “məni sizin yanınıza atalarınızın Allahı göndərib” deyəndə onlar məndən soruşa bilərlər: “Bəs Onun adı nədir?” Onda mən nə deyim?» 14 * Allah Musaya dedi: «Var Olan Mənəm». Sonra dedi: «İsrail övladlarına belə söylə: “‹Mənəm› deyən sizin yanınıza məni göndərdi”». 15 * O yenə Musaya dedi: «İsrail övladlarına söylə: “Atalarınızın Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbb* məni sizin yanınıza göndərdi”. Əbədi olaraq adım budur. Nəsildən-nəslə anılan ismim budur.
16 Get, İsrail ağsaqqallarını topla və onlara belə söylə: “Atalarınızın Allahı, İbrahimin, İshaqın və Yaqubun Allahı Rəbb mənə görünərək bunları dedi: ‹Siz və Misirdə başınıza gətirilənlərin hamısı nəzərimdədir. 17 Söz verdim ki, sizi Misirdəki əziyyətdən qurtarıb Kənanlıların, Xetlilərin, Emorluların, Perizlilərin, Xivlilərin və Yevusluların ölkəsinə – süd və bal axan torpağa aparacağam›”.
18 İsrail ağsaqqalları sənin sözünə qulaq asacaqlar. Sən onlarla birgə Misir padşahının yanına gedib de: “İbranilərin Allahı Rəbb bizə göründü. İndi bizə izin ver ki, çöldə birlikdə üç günlük yol gedək və orada Allahımız Rəbbə qurban gətirək”. 19 Amma bilirəm ki, Misir padşahı qüdrətli əl vasitəsilə məcbur olmasa, sizin getməyinizə izin verməyəcək. 20 Mən də əlimi uzadıb orada hər cür xariqələrimi göstərərək Misiri vuracağam; bundan sonra Misir padşahı sizi buraxacaq. 21 * Bu xalqa qarşı Misirlilərin gözündə lütf qazandıracağam ki, yola düşdüyünüz zaman əliboş getməyəsiniz. 22 Hər qadın öz qonşusundan, yaxınlıqda qalan qadından qızıl-gümüş əşya və paltar istəsin. Bunlarla oğul və qızlarınızı bəzəyəcəksiniz, beləcə Misirliləri soyacaqsınız».
* 3:1 Həv. 7:30-34 * 3:5 Yeşua 5:15 * 3:6 Çıx. 3:15; Mat. 22:32; Mark 12:26; Luka 20:37; Həv. 3:13; 7:32 * 3:13 Çıx. 6:2-3 * 3:14 Yəh. 8:24,28,58; Vəhy 1:4,8 * 3:15 Mat. 22:32; Mark 12:26; Luka 20:37; Həv. 3:13 * 3:15 Rəbb – ibrani mətnində Yahve olan bu sözü Odur kimi də demək olar. Bu söz səs və məna cəhətindən 3:14-də Mənəm – ibrani mətnində Ehye sözü ilə əlaqəlidir. * 3:21 Çıx. 12:35-36