27
Yandırma qurbanı üçün qurbangah
(Çıx. 38:1-7)
1 Qurbangahı əbrişim ağacından düzəlt. Qoy dördbucaq şəklində olub uzunluğu beş qulac, eni də beş qulac, hündürlüyü isə üç qulac olsun.
2 Qurbangahın dörd küncündən onunla bir hissədən olan dörd buynuz düzəlt. Qurbangahın üstünü tuncla ört.
3 Oranın kül qablarını, kürəklərini, ləyənlərini, çəngəllərini, xəkəndazlarını – bütün avadanlığını tuncdan düzəlt.
4 Qurbangah üçün tuncdan torlu şəbəkə düzəlt. Torun dörd bucağında tuncdan dörd halqa düzəlt.
5 Onu qurbangahın kənarından aşağıya qoy ki, şəbəkə onun yarısına qədər yetişsin.
6 Qurbangah üçün əbrişim ağacından şüvüllər düzəlt və üstünü tuncla ört.
7 Şüvülləri halqalara tax ki, onlar qurbangahı aparan zaman onun hər iki yanında olsun.
8 Qurbangahın içi boş və taxtadan olsun. Dağda sənə göstərdiyim kimi onu düzəlt.
Müqəddəs məskənin həyəti
(Çıx. 38:9-20)
9 Müqəddəs məskənin həyətini düzəlt. Həyətin cənub tərəfində bir tərəf üçün uzunluğu yüz qulac olan pərdələr nəfis toxunmuş incə kətandan olsun.
10 Onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun.
11 Şimal tərəfi üçün də uzunluğu yüz qulac pərdə olsun; onların iyirmi dirəyi və iyirmi altlığı tuncdan, dirəklərin qarmaqları və bəndləri isə gümüşdən olsun.
12 Qərb tərəfində uzunluğu həyətin eni qədər əlli qulac pərdələr olsun. Onlar üçün on dirək və on altlıq düzəlt.
13 Şərq tərəfində də həyətin eni əlli qulac olsun.
14 Darvazanın bir tərəfi üçün üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun.
15 O biri tərəf üçün də üç dirəyi və üç altlığı olan uzunluğu on beş qulac pərdələr olsun.
16 Həyətin darvazası üçün uzunluğu iyirmi qulac olan bənövşəyi, tünd qırmızı, al rəngli iplikdən və nəfis toxunmuş incə kətandan naxış tikməli arakəsmə, onun dörd dirəyi və dörd altlığı olsun.
17 Həyətin bütün ətraf dirəkləri gümüşlə bəndlənsin; onların gümüş qarmaqları və tunc altlıqları olsun.
18 Həyətin uzunluğu yüz qulac və eni hər yerdə əlli qulac olsun; nəfis toxunmuş incə kətandan olan pərdənin hündürlüyü isə beş qulac, altlıqları da tuncdan olsun.
19 Müqəddəs məskənin ibadəti üçün işlənən bütün avadanlığı, onun bütün payaları kimi həyətin bütün payaları da tuncdan olsun.
Kahinliyin təyin olunması
(Lev. 24:1-4)
20 Sən İsrail övladlarına əmr et ki, işıq yandırmaq üçün sənə zeytundan çəkilmiş xalis yağ gətirsinlər. Bu yağdan çıraqlar daima
21 Hüzur çadırında, Şəhadət sandığının qarşısındakı pərdənin bayır tərəfində yansın. Harunla oğulları onu hər axşam Rəbbin hüzurunda yandırıb səhərə qədər nəzarət etsinlər. Qoy bu, nəsildən-nəslə İsrail övladları üçün əbədi qayda olsun.