19
İsrail övladları Sina dağında
1 İsrail övladları Misir torpağından çıxdıqdan sonra üçüncü ayda – yeni ay günü Sina səhrasına gəldilər.
2 Onlar Refidimdən köçüb Sina səhrasına gəldilər. O səhrada İsrail övladları dağın qarşısında düşərgə saldılar.
3 Musa isə dağa – Allahın hüzuruna çıxdı. Rəbb onu dağdan çağırıb dedi: «Yaqub nəslinə, İsrail övladlarına belə söylə:
4 “Misirlilərə nələr etdiyimi, sizi qartal qanadlarında daşıdığım kimi yanıma gətirdiyimi siz özünüz gördünüz.
5 İndi isə əgər sözümə diqqətlə qulaq asıb əhdimə riayət etsəniz, siz bütün xalqlar arasından Mənə məxsus xalq olacaqsınız. Bütün yer üzü Mənimdir;
6 siz isə Mənə xidmət edən kahinlər padşahlığı, müqəddəs millət olacaqsınız”. Bu sözləri İsrail övladlarına söylə».
7 Musa gəlib xalqın ağsaqqallarını çağırdı və Rəbbin ona əmr etdiyi hər kəlməni onların qarşısına qoydu.
8 Bütün xalq bir nəfər kimi belə cavab verdi: «Rəbbin bütün söylədiklərinə əməl edəcəyik». Musa xalqın cavabını Rəbbə çatdırdı.
9 Rəbb Musaya dedi: «Budur, Mən sənin yanına qatı buludda gəlirəm, qoy xalq səninlə danışdığımı eşidib sənə daim inansın». Musa xalqın sözlərini Rəbbə çatdırdı.
10 Rəbb Musaya dedi: «Xalqın yanına get. Bu gün və sabah onları təqdis et. Qoy paltarlarını da yusunlar.
11 Üçüncü günə hazır olsunlar, çünki üçüncü gün bütün xalqın gözü qarşısında Rəbb Sina dağı üzərinə enəcək.
12 Xalqın ətrafına sərhəd çəkib de: “Özünüzü dağa çıxmaqdan, onun ətəyinə toxunmaqdan gözləyin. Dağa toxunan hər kəs öldürülməlidir.
13 Eləsinə əl vurulmasın, ancaq daşqalaq edilsin ya da oxla vurulsun. İstər heyvan, istərsə də insan, bunların yaşamaq üçün izni yoxdur. Qoç buynuzundan olan şeypur uzun-uzadı çalınanda onlar dağa çıxa bilərlər”».
14 Musa dağdan xalqın yanına endi. O, xalqı təqdis etdi. Onlar paltarlarını yudular.
15 Sonra Musa xalqa dedi: «Üçüncü günə hazır olun, qadınlarla yaxınlıq etməyin».
16 Üçüncü günün səhəri açılanda göy gurultusu, şimşəklər, dağ üzərində qatı bir bulud və çox uca şeypur səsi oldu. Düşərgədə olan bütün xalq titrədi.
17 Allahı qarşılamaq üçün Musa xalqı ordugahdan apardı və onlar dağın ətəyində durdular.
18 Bütün Sina dağı tüstü içində idi, çünki Rəbb onun üzərinə alov içərisində enmişdi. Bütün dağ kürənin verdiyi tüstü kimi tüstülənirdi, bərk titrəyirdi.
19 Şeypur səsi get-gedə ucalırdı. Musa danışırdı və Allah ona səslə cavab verirdi.
20 Rəbb Sina dağı üzərinə, dağın başına endi və Musanı dağın başına çağırdı. Musa oraya qalxdı.
21 Rəbb Musaya dedi: «Düş, xalqa tapşır ki, məbada Rəbbi görmək üçün Onun tərəfində olan sərhədi keçsin, yoxsa çoxları məhv olar.
22 Rəbbə yaxınlaşan kahinlər də özlərini təqdis etsin ki, Rəbb onlara qarşı çıxmasın».
23 Musa Rəbbə dedi: «Xalq Sina dağına çıxmaz, çünki Sən “dağa sərhəd çək və oranı təqdis et” deyə bizə tapşırıq verdin».
24 Rəbb ona dedi: «Düş get. Sən və səninlə bərabər Harun bura çıxın. Qoy kahinlərlə xalq Rəbbin yanına çıxmaq üçün sərhədi keçməsinlər, yoxsa Rəbb xalqa qarşı çıxar».
25 Musa xalqın yanına enib bunu onlara söylədi.