13
Çıxış xatirəsi
* Rəbb Musaya dedi: «İsrail övladları arasında hər bətndən ilk doğulan bütün oğlanları və bütün heyvanların balalarını Mənim üçün təqdis et; onlar Mənimdir».
Musa xalqa dedi: «Misirdən, köləlik diyarından çıxdığınız bu günü xatırlayın. Çünki Rəbb sizi qüdrətli əli ilə oradan çıxartdı və buna görə də mayalı çörək yeməyin. Çıxdığınız bu gün Aviv ayındadır. Rəbb atalarınıza and etmişdi ki, Kənanlıların, Xetlilərin, Emorluların, Xivlilərin, Yevusluların ölkəsini sizə verəcək. Sizi süd və bal axan torpağa gətirəcəyi vaxt bu ibadəti həmin ayda icra edin. Yeddi gün mayasız çörək yeyin, yeddinci gün Rəbbə bayram olsun. O yeddi gün ərzində yalnız mayasız çörək yeyilməlidir. Aranızda bütün ölkədə nə mayalı çörək, nə də maya görünməsin. O günü övladlarınıza bildirib deyin: “Misirdən çıxdığım vaxt Rəbb mənim üçün nələr etdiyinə görə belə edirəm”. Qoy bu əlinizdə nişanə və gözlərinizin önündə xatirə olsun ki, Rəbbin qanunu dilinizdən düşməsin. Çünki Rəbb sizi qüdrətli əli ilə Misirdən çıxartdı. 10 İldən-ilə təyin olunan vaxt bu qanuna riayət edin.
11 Rəbb sizə və atalarınıza and içdiyi kimi Kənanlıların ölkəsinə gətirib, oranı sizə verən vaxtdan bəri 12 * ana bətnindən hər ilk doğulan oğlanlarınızı Rəbbə təqdim etməlisiniz: ilk doğulan bütün heyvan balaları da Rəbbin olsun. 13 Hər ilk doğulan eşşək balası əvəzinə bir qoyun-keçi balası verin. Əgər əvəzini verməsəniz, boynunu sındırın. Övladlarınızın arasında hər ilk oğulun əvəzini ödəyin. 14 Gələcəkdə övladlarınız sizdən “Bu nədir?” soruşanda deyin: “Rəbb bizi Misirdən, köləlik diyarından qüdrətli əli ilə çıxartdı. 15 Firon bizi buraxmamağa inadkarlıq edəndə Rəbb Misir torpağında olan həm insanların bütün ilk oğlanlarını, həm də heyvanların bütün ilk balalarını öldürdü. Buna görə mən bütün ilk doğulan heyvan balalarını Rəbbə qurban verirəm, bütün ilk oğullarımın isə əvəzini ödəyirəm”. 16 Qoy bu əlinizdə nişanə və gözünüz önündə xatirə olsun, çünki Rəbb bizi qüdrətli əli ilə Misirdən çıxartdı».
Allah İsrail övladlarına yol göstərir
17 Firon xalqı buraxdığı zaman Allah onları Filiştlilərin ölkəsindən yol qısa olduğuna baxmayaraq, o yolla gətirmədi. Çünki O dedi: «Yoxsa xalq müharibə görəndə bəlkə peşman olub Misirə qayıdar». 18 Allah xalqı Qırmızı dənizə tərəf səhra yolu ilə dolayı apardı.
İsrail övladları Misir torpağından silahlanıb çıxdılar. 19 * Musa Yusifin sümüklərini özü ilə apardı, çünki Yusif İsrail övladlarına «Allah mütləq sizə nəzər salacaq. Gedən zaman özünüzlə sümüklərimi də buradan çıxarın» deyərək and içdirmişdi.
20 İsrail övladları Sukkotdan yola düşüb səhranın kənarında olan Etamda düşərgə saldılar. 21 Rəbb onların qabağı ilə gündüz onlara yol göstərmək üçün bulud dirəyində, gecə isə onlara işıq vermək üçün od dirəyində gedirdi ki, gündüz də, gecə də gedə bilsinlər. 22 Gündüzlər bulud dirəyi, gecələr isə od dirəyi xalqın önündən ayrılmadı.
* 13:1 Say. 3:13; Luka 2:23 * 13:12 Luka 2:23 * 13:19 Yar. 50:25; Yeşua 24:32; İbr. 11:22