5
1 Sən ey bəşər oğlu, bir iti qılınc götürüb ondan dəllək ülgücü kimi istifadə et, onu başına və saqqalına çək. Sonra bir tərəzi götür və qırxdığın tükləri hissələrə ayır.
2 Onların üçdə birini şəhərin mühasirə vaxtı qurtaranda şəhərin ortasında odda yandırar, üçdə birini götürüb şəhərin ətrafında doğrayar, üçdə birini isə küləyə sovurarsan, Mən də onların arxasınca qılınc çəkəcəyəm.
3 Tüklərin bir azını da götürüb paltarının ətəyinə bağlayarsan.
4 Onlardan bir qədər də götürüb odun içinə atar və onları odda yandırarsan. Bundan bütün İsrail nəslinin üstünə od yağacaq».
5 Xudavənd Rəbb belə deyir: «Bu, Yerusəlimdir. Mən onu millətlərin, ətrafında olan ölkələrin arasında yerləşdirdim.
6 Onun xalqı isə başqa millətlərdən, ətrafındakı ölkələrdən də çox pislik edərək hökmlərimə və qaydalarıma qarşı üsyan etdi, çünki hökmlərimi rədd etdilər, qaydalarıma əməl etmədilər».
7 Buna görə də Xudavənd Rəbb belə deyir: «Siz ətrafınızda olan millətlərdən də çox azğınlıq etdiniz, qaydalarıma əməl etmədiniz, hökmlərimi yerinə yetirmədiniz, hətta ətrafınızda olan millətlərin hökmlərinə görə də davranmadınız».
8 Buna görə də Xudavənd Rəbb belə deyir: «Budur, Mən Özüm də sənə qarşı durmuşam və başqa millətlərin gözü qabağında səni cəzalandıracağam.
9 Bütün iyrənc işlərindən ötrü indiyə qədər etmədiyim və bundan sonra da bir daha etməyəcəyim şeyi sənin başına gətirəcəyəm.
10 Buna görə də sənin torpağında atalar oğullarını, oğullarsa atalarını yeyəcək. Səni cəzalandıracağam, salamat qalanlarının hamısını hər tərəfə sovuracağam».
11 Xudavənd Rəbb bəyan edir: «Buna görə də, Varlığıma and olsun, bütün iyrənc və murdar şeylərinlə Müqəddəs məkanımı murdarladığın üçün Mən hökmən səni qırıb-çatacağam, sənə yazığım gəlməyəcək və rəhm etməyəcəyəm.
12 Sənin əhalinin üçdə biri vəbadan öləcək, sənin içində aclıqdan tələf olacaq, üçdə biri ətrafında qılıncla həlak olacaq, üçdə birini isə hər tərəfə sovurub arxalarınca qılınc çəkəcəyəm.
13 Beləcə hədsiz qəzəbimi göstərəcəyəm, onların üzərində qızğınlığımı söndürüb sakitləşəcəyəm. Onlara hədsiz qəzəbimi göstərəndə biləcəklər ki, Mən Rəbb qısqanclıqdan onlara belə söylədim.
14 Ətrafında olan millətlər arasında, yoldan keçən hər kəsin gözü önündə səni viranəliyə və rüsvayçılıq hədəfinə çevirəcəyəm.
15 Qəzəb və hiddətimlə, qızğın məzəmmətlərimlə səni cəzalandırarkən ətrafında olan millətlər üçün rüsvayçılıq, təhqir, ibrət və dəhşət hədəfi olacaqsan. Mən Rəbb bunu söylədim.
16 Mən sizi məhv etmək üçün üstünüzə aclığın amansız oxlarını göndərəcəyəm. Aranızda aclığı gücləndirəcəyəm və çörəyin kökünü kəsəcəyəm.
17 Üstünüzə aclıq və vəhşi heyvanlar göndərəcəyəm, sizi uşaqlarınızdan məhrum edəcəklər. Aranızdan vəba və tökülən qan keçəcək, üstünüzə qılınc gətirəcəyəm. Mən Rəbb bunu söylədim».