33
Rəbb Yezekeli xalqa gözətçi qoyur
1 Mənə Rəbbin bu sözü nazil oldu:
2 «Ey bəşər oğlu, xalqına mənsub olanlara belə söylə: “Deyək ki Mən bir ölkənin üstünə qılınc göndərəndə həmin ölkə xalqı arasından bir nəfəri seçib özü üçün gözətçi qoyur.
3 Bu gözətçi də ölkənin üstünə qılıncın gəldiyini görəndə şeypur çalıb xalqa xəbərdarlıq edir.
4 O zaman kim şeypur səsini eşidib xəbərdarlığa diqqət etməsə və qılınc gəlib onu öldürsə, ölümünün məsuliyyətini özü daşıyır.
5 O, şeypur səsini eşitmiş, ancaq xəbərdarlığa diqqət etməmişdir, buna görə də ölümünün məsuliyyətini özü daşıyır. Amma xəbərdarlığa diqqət etsəydi, canını xilas edərdi.
6 Lakin gözətçi gələn qılıncı görüb şeypur çalmırsa, xalqa xəbərdarlıq edilmirsə və qılınc da gəlib onlardan birini həlak edirsə, o adam öz təqsirinə görə öldürülmüşdür, ancaq ölümünün məsuliyyətini gözətçinin üzərinə qoyaram.
7 Sən ey bəşər oğlu, səni İsrail nəsli üçün gözətçi qoydum. Sən sözü Mənim ağzımdan eşidib Mənim tərəfimdən onlara xəbərdarlıq edəcəksən.
8 Pis adama Mən ‹ey pis adam, mütləq öləcəksən› deyəndə sən ona öz yolundan dönmək üçün xəbərdarlıq etməsən, o pis adam öz təqsirinə görə öləcək, ancaq ölümünün məsuliyyətini sənin üzərinə qoyacağam.
9 Əgər sən pis adama öz yolundan dönmək üçün xəbərdarlıq etsən, amma o öz yolundan dönməsə, öz təqsirinə görə öləcək, sənsə canını qurtarmış olursan”.
10 Sən ey bəşər oğlu, İsrail evinə belə söylə: “Siz deyirsiniz ki, üsyanlarımız və günahlarımız bizi üzür və biz onların içində əriyib yox oluruq. Belə halda necə yaşaya bilərik?”
11 Onlara de: “Varlığıma and olsun, pis adamın ölümündən yox, onun öz yolundan dönüb yaşamasından zövq alıram” Xudavənd Rəbb bəyan edir. “Dönün, pis yollarınızdan dönün. Nə üçün öləsiniz, ey İsrail nəsli?”
12 Sən ey bəşər oğlu, xalqına mənsub olanlara söylə: “Üsyan etdiyi halda salehin salehliyi onu xilas etməz. Pis adama gəlincə, o öz pisliyindən dönərsə, bundan ötrü həlak olmaz. Saleh adam günah etdiyi halda öz salehliyi ilə yaşaya bilməz.
13 Saleh adama ‹əlbəttə, yaşayacaqsan› dediyim zaman o öz salehliyinə güvənib pislik edərsə, saleh işlərindən heç biri yada salınmayacaq və etdiyi pisliyə görə öləcək.
14 Pis adama ‹əlbəttə, öləcəksən› dediyim zaman günahından dönüb ədalətli və saleh işlər görərsə –
15 girovunu geri verərsə, soyğunçuluqla aldığını geri qaytararsa, pislik etmədən həyatverici qaydalara görə rəftar edərsə, əlbəttə, ölməyib yaşayacaq.
16 Bu adamın etdiyi günahlardan heç biri onun əleyhinə yada salınmayacaq. Ədalətli və saleh əməl etdiyi üçün, əlbəttə, yaşayacaq”.
17 Ancaq sənin xalqına mənsub olanlar deyir: “Rəbbin yolu düz deyil”. Halbuki onların öz yolları düz deyil.
18 Saleh adam öz salehliyindən dönüb pislik edərsə, bundan ötrü öləcək.
19 Pis adam öz pisliyindən dönüb ədalətli və saleh əməl etsə, bu əməllərlə yaşayacaq.
20 Ancaq siz deyirsiniz: “Rəbbin yolu düz deyil”. Sizin hər birinizi öz əməlinə görə mühakimə edəcəyəm, ey İsrail nəsli!»
Yerusəlimin süqut xəbəri
21 Sürgünlüyümüzün on birinci ilində, onuncu ayın beşinci günü Yerusəlimdən qaçıb qurtulmuş bir nəfər gəlib mənə dedi: «Şəhər zəbt edildi».
22 O qaçqın mənim yanıma gəlməmişdən əvvəl axşam vaxtı Rəbbin əli mənim üstümdə idi və mən danışa bilmirdim. Səhər adam yanıma gəlməzdən qabaq Rəbb dilimi açdı, dilim açıldı, artıq danışa bilirdim.
23 Onda mənə Rəbbin bu sözü nazil oldu:
24 «Ey bəşər oğlu, İsrailin xaraba qalmış şəhərlərində yaşayanlar belə söyləyir: “İbrahim yalqız olduğu halda ölkəni mülk aldı. Biz isə çoxuq, ona görə də ölkə mülk olaraq bizə verilmişdir”.
25 Bu sözlərdən ötrü onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Əti qanı ilə yeyirsiniz, bütlərinizə güvənirsiniz və qan tökürsünüz. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?
26 Qılıncınıza arxalanırsınız, iyrənc işlər görürsünüz, hər kəs öz qonşusunun arvadını murdar edir. Belə olduğu halda ölkəni mülk ala biləcəksinizmi?”
27 Onlara söylə ki, Xudavənd Rəbb belə deyir: “Varlığıma and olsun ki, xaraba qalan şəhərlərdə yaşayanlar hökmən qılıncla həlak olacaq. Çöldə qalanları yem olsunlar deyə vəhşi heyvanlara verəcəyəm. Qalalarda və mağaralarda olanlar vəbadan öləcək.
28 Ölkəni xaraba və sakinsiz qoyacağam. Qürurlandıqları qüdrət heç olacaq. İsrail dağları sakinsiz qalacaq, oradan kimsə keçməyəcək.
29 Etdikləri bütün iyrənc işlərdən ötrü ölkəni xaraba və sakinsiz qoyduğum zaman biləcəklər ki, Rəbb Mənəm.
30 Sənə gəlincə, ey bəşər oğlu, xalqına mənsub olanlar divarların dibində, evlərin qapısı qarşısında sənin barəndə danışır. Bir-birlərinə deyirlər: ‹Gəl gedək, Rəbb tərəfindən nazil olan sözə qulaq asaq›.
31 Xalq hər vaxt olduğu kimi sənin yanına gəlir. Mənim xalqım olduqları halda önündə oturur, sözlərinə qulaq asır, amma dediklərini etmirlər. Dilləri ilə səmimi olduqlarını iddia edirlər, ancaq ürəkləri haram qazanc dalınca gedir.
32 Sən onlar üçün gözəl səslə sevgi nəğmələri oxuyan yaxşı bir çalğıçı kimisən. Sözlərinə qulaq asır, ancaq dediklərini etmirlər.
33 Lakin bütün bunlar doğru çıxanda – mütləq doğru çıxacaq – aralarında bir peyğəmbər olduğunu başa düşəcəklər”».